Məzahir Süleymanzadə: “Trabzon valisindən şəhərdəki otellərdə və stadionun icarəsində 15 faiz güzəşt istəyəndə dedi ki...”  – LAYİHƏ

SportLine.az dəyərli oxucularına “Azərbaycan futbolu ilə bağlı bütün sahələrdə yaşanan problemlərin araşdırılması və mümkün həll yollarının göstərilməsi; futbolumuzun tarixi: heç kim və heç nə unudulmur; qadın futbolunun durumu və mövcudluq perspektivləri” adlanan layihə çərçivəsində 7-ci yazını təqdim edir.

Ötən yazımızda qeyd etdiyimiz kimi, 1992-ci ilin martın 26-da Bakıda AFFA-nın yaradılması ilə bağlı ilk təsis konfransı keçirildi. Bununla da Azərbaycan futbolunda yeni bir era başladı. Əvvəlki yazımızda veteran futbolçu, uzun müddət “Neftçi”nin rəisi və AFFA-nın baş katibi kimi çalışmış Çingiz İsmayılovun xatirələrini dinləmişdik. Bu dəfə isə, Məzahir Süleymanzadə ilə həmsöhbət olacağıq. Çoxları onu məşhur “Səhər” qəzetinin baş redaktoru, istedadlı qələm sahibi kimi tanıyır. Məzahir müəllim ömrünü yazıya, jurnalistikaya həsr etmiş adamdır. Bununla belə futbola olan marağı, eləcə də Azərbaycan sevgisi onu ilk günlərdən AFFA-nın yaradılması prosesinə cəlb edib. Ən yaxşısı hər şeyi onun öz dilindən eşitməkdir.

“Təsis konfransından üzübəri bütün toplantılarda iştirak etmişəm”

- Söhbətə AFFA-nın yaranmasından körpü salaq. Siz o günləri necə xatırlayırsız? AFFA necə yarandı?

- Hazırda Azərbaycanda o günləri xatırlayan, həmin proseslərə canlı şahidlik edən, iştirakçıya çevrilən çox az adam var. Onlardan da biri mənəm. Sizə bir məqamı açıqlayım. Mən o ilk konfransdan üzübəri AFFA-nın bütün konfranslarında iştirak etmişəm. Martın 7-də keçirilən Hesabat Konfransında da iştirakçılar arasındaydım. Özü də səlahiyyətli nümayəndə kimi. Yəni ki, bütün proseslər mənim gözlərimin önündə, şəxsən iştirakımla gerçəkləşib. 90-cı illərin əvvəllərində gedən proseslərdən xəbərdarsız. Artıq müstəqilliyimizi elan etmişdik, köhnədən mövcud olan təşkilatlar dağılırdı. Əvəzində yeniləri yaranırdı. Vəziyyət bir qədər mürəkkəbləşmişdi. Azərbaycanda Dövlət Bədən Tərbiyəsi və İdman komitəsi var idi. Bu komitənin də nəzdində Rauf Adıgözəlovun rəhbərlik etdiyi futbol şöbəsi fəaliyyət göstərirdi. Məlik Həsənov da həmin şöbədə çalışırdı. Azərbaycan SSRİ-nin futbol ailəsində şöbə səviyyəsində təmsil olunmuşdu. Aydın məsələdir ki, mustəqil dövlətin özünün beynəlxalq futbol qurumlarında təmsil olunması üçün təşkilata ehtiyac var idi. O qədər də asan məsələ kimi görünmürdü. Qısa müddətdə təşkilatlanmanı bitirməli, bütün hüquqi sənədləri hazırlamalıydıq. Burdan seçilmiş nümayəndələr UEFA və FİFA-da danışıqlar aparmalıydılar. Allah rəhmət eləsin, Fuad Musayev bütün bu işlərin təşəbbüskarı idi. Bu işdə Musayevə kömək edənlər olmalıydı, çünki təkbaşına heç də bu işlərin öhdəsindən gələ bilməzdi. Həmin şəxslərin ingilis dilini bilməsi, beynəlxalq təşkilatlarla danışıqlar aparmağı bacarması, digər ölkələrin futbol federasiyalarından dəstək alması da tələb olunurdu. Çünki daha təcrübəli ölkələrin nizamnamələri ilə tanış olmalı, öz hüquqi sənədlərimizi də onlara uyğun yazmalıydıq. İndi bütün bunlar asan görünür, ingilis dilini bilən mütəxəssislərimiz çoxdur. Amma 90-cı illərin əvvəllərində bu çox çətin bir proses idi. Xaricə çıxışımız yox idi, bizi tanımırdılar. Kimə Azərbaycan deyirdinsə, ilk öncə müharibədən danışırdı. Bizi savaşın içində olan bir ölkə kimi tanıyırdılar. Hadisələri qabaqlayaraq qeyd edim ki, uzun əzab-əziyyətdən sonra qeydiyyat prosesi yekunlaşsa da, millimizin “ev oyunları”nı Bakıda keçirməyə icazə vermədilər. Bu çətinlikləri biz hiss edirdik. Geriyə yolumuz yox idi. Missiyanı yerinə yetirməliydik. Rəhmətlik Nazim Hüseynov AFFA-nın vitse-pezidenti kimi çox çalışdı. İngilis dilində yaxşı danışırdı. Akademik kimi də çox savadlı idi, beynəlxalq təşkilatlarla da ünsiyyət qurmağı bacarırdı. Aqşin Kazımzadənin də böyük işlər gördüyünü vurğulaya bilərəm. Onun atası Zəki müəllim o vaxtkı Neft-Kimya İnstitutunda (indiki Neft Akademiyası – red.) çalışırdı. Aqşin müəllimin təklifi ilə AFFA-nın təsis konfransı da 1992-ci ildə həmin institutun akt zalında keçirildi. Konfrans üçün yer axtarırdıq, belə bir təklif səsləndi. Onlar da razılıq verdilər. Təssisçi kimi Fuad Musayevin, Aqşin Kazımzadənin, Rauf Adıgözəlovun, Oqtay Zeynalovun adları qeyd edildi. Səhv etmirəmsə, ümumilikdə beş nəfərin adı yazılmışdı. İlk addımlar belə atıldı. Azərbaycanda hələ heç bir futbol təşkilatı, yaxud da federasiya yox idi. Bununla belə yeni yaradılan quruma Azərbaycan Futbol Federasiyaları Assosiasiyası adını verdik. Nəzərdə tutulurdu ki, gələcəkdə regional futbol federasiyaları da yaradılsın, AFFA isə mərkəz olsun. Hazırda 11 regional futbol federasiyası, sahə futbol federasiyaları, futzal və çimərlik futbolunun ayrıca federasiyası var. Bütün bunların birləşməsi assosiyaya çevrilir. Əvvəl isə belə deyildi. Təkcə AFFA var idi. Dərhal da xarici təşkilatlarla əlaqələr yaradıldı, danışıqlar sürətləndirildi. Dəfələrlə FİFA və UEFA-nın qərargahında görüşlər keçirildi.

- Necə düşünürsüz, daha çətin nə idi: AFFA-nı yaratmaq, yoxsa onu UEFA və FİFA-ya qəbul etdirmək?

- Danışıqlar prosesi çox ağır gedirdi. Ölkənin ümumi vəziyyəti də ağır idi. Bizi yaxın buraxmaq istəmirdilər. FİFA-da bizə deyirdilər ki, siz müharibə şəraitində yaşayan dövlətsiz, əvvəlcə öz problemlərinizi həll edin, sonra futbol barədə düşünərsiz. İndiki kimi bizə isti münasibət yox idi. 1994-cü ilə qədər bütün bu müzakirələr davam etdi. Əvvəlcə şərti üzv qəbul olunduq. Sonra isə tamhüquqlu üzvə çevrildik. 1992-ci ildən etibarən milli çempionatımızı keçirirdik. Bütün sənədləri də FİFA və UEFA-ya göndərirdik. Onlar da görürdülər ki, Azərbaycanda futbola böyük maraq var. Çempionatımız indikindən qat-qat maraqlı, izdihamlı keçirilirdi. Tribunalar ağzına qədər dolu olardı. Regionlarda böyük azarkeş kütləsi var idi. İnsanlar müharibə şəraitinə baxmayaraq, futbola böyük maraq göstərirdilər. Güclülər dəstəsində 26 komanda mübarizə aparırdı. Bu məqamlar hamısı müsbət sayılırdı. Nəticədə futbolumuzu məhv olmaqdan qoruduq, sürətlə təşkilatlandıq. Nazim Süleymanov, Yunis Hüseynov, Tərlan Əhmədov,Vəli Qasımov və bir çoxları futbol oynayırdılar. Ən parlaq vaxtlarında Azərbaycan millisində oynamağa can atırdılar. Onlarla birlikdə ilk addımları atdıq. Hər biri keçmiş SSRİ miqyasında tanınmış futbol simaları idi. FİFA-da oturanlar gördü ki, Azərbaycanda milli komanda da var, çempionat da. Bəhanələri qalmadı. Bunun sayəsində başladığımız o çətin prosesi uğurla sona çatdırdıq, Azərbaycan dünyanın futbol ailəsinə daxil oldu.

- Ötən yazımızda Çingiz İsmayılovla həmsöhbət olduq. O da bizim eşitdiklərimizi təsdiqlədi ki, ilk günlər UEFA-ya yox, Asiyanın Futbol İttifaqına daxil olmaqla bağlı ciddi müzakirələr aparılırmış. Siz bu barədə nə deyə bilərsiz?

- Bəli, çox ciddi müzakirələr aparılılrdı. Amma daxildə yox, UEFA ilə aparılan danışıqlarda. Onlar bizi məcbur etmək istəyirdilər ki, biz üzü Asiyaya doğru gedək. Dünyanın siyası xəritəsini götürürülər, orda xətt çəkirdilər ki, Azərbaycan Asiya tərəfdədi. Bu barədə çox mübahisə getdi. Biz məsələnin təkcə coğrafi baxımdan yox, mahiyyət etibarı ilə müzakirə olunmasını istəyirdik. Azərbaycan daim Avropanın bir parçası kimi qəbul olunub. ATƏT-in də üzvü idik. Bir çox nümunələr vardı. Türkiyəni də misal çəkdik. İsrailin isə ümumiyyətlə, Avropada torpağı yoxdur. Lakin onları UEFA-ya qəbul etmişdilər. Biz də bunu misal göstərdik, səbəbi soruşduq. Dedik ki, bizim inkişaf yolumuz, istiqamətimiz bütünlüklə Avropaya doğrudur. Əlaqələrimiz də tarixən Avropayla olub. Hadisələr elə bir həddə qədər inkişaf etdi ki, az qalmışdıq Asiyada oynamağa başlayaq. Bircə oyun keçirsəydik, geriyə dönüş olmayacaqdı. Təbii ki, uzaqgörən davranıldı və AFFA israrını davam etdirdi. Avropaya olan kursumuzu dəyişmədik. İnkişaf etmək istəyirdiksə, mütləq Avropa ölkələrinin arasında olmalıydıq. O vaxtlar Qazaxıstan mübarizəni sona qədər aparmadı, məcbur olub Asiyada oynadılar. Bir-neçə il sonra səhvlərini anladılar və yenidən müzakirələr başladı. Nəticədə Qazaxıstan Asiyanı tərk edib, Avropanın futbol ailəsinə daxil oldu.

- “Səhər” qəzetinin redaksiyasında xanım əməkdaşlar künc bayraqları tikirdilər”

- Özünüzün AFFA-nın həyatında tutduğunuz roldan da danışmağınızı xahiş edirik. Bilirik ki, proseslərdə yaxından iştirakınız olub, təkcə müşahidə etməklə kifayətlənməmisiniz.

- İndiki AFFA İcraiyyə Komitəsi o vaxt Rəyasət Heyəti adlanırdı. Həmin heyətin ilk üzvlərindən biri də mən idim. Ona qədər mən futbolun içindəydim. Daim yazılarımda “Neftçi”ni diqqət mərkəzində saxlayırdım, komanda ilə yaxından maraqlanırdım. “Bakı” qəzetində Şamil Şahməmmədovun yolunu mən davam etdirirdim və “Neftçi”nin hər oyunundan sonra geniş məqalə yazırdım. Hələ cavan vaxtlarımdan bu işin öhdəsindən layiqincə gəlmişəm. Ailəmizin üzvü Tahir Süleymanovu siz də yaxından tanıyırsınız. Hamımız futbola bağlı insanlar olmuşuq. 90-cı illərin əvvəllərində mənim təsisçisi olduğum “Səhər” qəzeti də xeyli məşhurlaşmışdı. İctimai-siyası qəzet olsaq da, futbol nəşri funksiyasını da üzərimizə götürmüşdük. Azərbaycan çempionatı haqda geniş yazılar dərc edirdik. Cəsarətlə deyirəm ki, 1995-ci ilə qədər futbolumuzla bağlı bütün məlumatları “Səhər”in səhifələrindən tapmaq mümkündür. Arxivlərdən, kitabxanalardan baxa bilərsiz. Hazırda idman mətbuatında bir çox istedadlı jurnalistlər var ki, futbol barədə daim yazırlar, mən özüm də oxuyuram. Amma o vaxt belə deyildi. İxtisaslaşmış futbol jurnalistlərinin sayı az idi. Biz də bu boşluğu doldurmaq üçün əlimizdən gələni edirdik. Çalışırdıq ki, futbola yeni baxış formalaşdıraq. AFFA-da bu təşəbbüslə mən və Aqşin Kazımzadə çıxış edirdik. AFFA-nın nəşrlərini çapını da öz üzərimizə götürmüşdük. Millinin oyunlarından əvvəl rəngli proqramlar, broşüralar hazırlayırdıq. Kompüterin olmadığı dövrlər idi. Hər şey əllə hazırlanırdı, lehmlənirdi və mətbəəyə aparılırdı. Bütün bu işlərdə AFFA-ya əlimizdən gələn köməyi göstərirdik. Heç bir maddi maraq da görmürdük, umacağımız da yox idi. Əksinə, öz cibimizin puluyla həvəslə işlər görürdük, çalışırdıq ki, nədənsə faydamız toxunsun. “AFFA-Nyus” qəzetinin baş redaktoru da Aqşin Kazımzadə idi. Bir müddət AFFA bu qəzetə maliyyə ayıra bilmirdi. Həmin vaxt könüllü olaraq bütün xərcləri üzərimizə götürdük, “AFFA-Nyus”u “Səhər”in əlavəsi kimi nəşr etməyə başladıq. Düz 1998-ci ilə qədər belə davam edib. İstəməzdim ki, bunlar unudulsun. Özümə görə demirəm, amma hər şey tarixdi. Çətin dövrlərdə hər xırda kömək böyük bir iş, təkan idi. “Səhər” qəzetinin redaksiyasında çalışan xanım əməkdaşlar öz əlləri ilə meydançalarımız üçün künc bayraqları tikirdilər. Adi bir künc bayrağı nədir ki, onlar çatışmırdı. İndi çoxlarına qəribə gələ bilər. Amma inkişaf yolunda atılan ilk addımlar beləydi. Biz öz aləmimizdə futbolumuza dəstək vermək üçün çalışırdıq, bu həvəslə alışıb-yanırdıq.

- Bu həvəs də sizi AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərliyinə apardı…

- O zaman İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamenti adlanırdı. 1995-ci ilə qədər belə oldu. Amma mən ictimai vəzifə kimi bu işləri görürdüm. Əmin ola bilərsiz ki, İcraiyyə Komitəsinin üzvü və department rəhbəri kimi AFFA-dan maaş almırdım. Heç təmənnam da yox idi. 2004-ci ildə yenidən department rəhbəri kimi vəzifəyə qayıtdım.  Bu dəfə mənə maaş yazılırdı, 210 manat maaş alırdım. 2006-cı ilə qədər işlədim. Sonra da özüm istefa verdim. Polşaya 0:8 hesabıyla uduzduq. Ortaya bəzi söz-söhbətlər, məsələlər çıxdı. Özümün də şəxsi planlarım, layihələrim var idi. Uşaq futboluna diqqətin artırılmasını istəyirdim. 2000-ci ildən Bakı Futbol Federasiyasını təsis etmişdik. Mən də oranın prezidenti idim. Maddi imkanlarımız zəif olduğundan arzularımızı tam reallaşdıra bilmirdik. 2004-cü ildən vəziyyət bir qədər dəyişdi, mən vitse-prezident kimi fəaliyyətimi davam etdirməyə başladım. Bu gün bizim millilərimizdə oynayanların böyük əksəriyyəti Bakı Futbol Federasiyasının keçirdiyi “Sabahın ulduzları” və digər turnirlərdə kəşf olunanlardır. Bunu cəsarətlə deyirəm. Uzun müddət bu cür turnirlərlə uşaq futbolunun inkişafına diqqət ayırmışıq. Bu gün də bəhrəsi göz qabağındadır. O zaman uşaq dediyimiz futbolçular bu gün aparıcı klubların üzvləridir.

“Trabzon valisindən şəhərdəki otellərdə və stadionun icarəsində 15 faiz güzəşt istədik”

- Bir məsələni də sizinlə dəqiqləşdirmək istəyirik. Bizdə olan məlumata görə, millinin Bakıdan uzaqda oynaması barədə qərar veriləndə məhz qardaş Türkiyinən Trabzon şəhərinin seçilməsində sizin böyük rolunuz olub…

- Bakıda bununla bağlı fikirlər haçalanmışdı. UEFA birmənalı şəkildə oyunların paytaxtımızda keçirilməyəcəyini bildirmişdi. Onlar istəyirdilər ki, rəqiblərimiz üçün də gediş-gəliş asan olsun. Bir qrup təklif edirdi ki, rəqibləri Moldovada qəbul edək. Kişnyov və ya Tiraspol variant müzakirə edilirdi. Amma biz bunu istəmirdik. Rəqiblərimizdən biri Fransa idi. Onların oyununu izləmək üçün stadiona nə qədər azarkeş gələcəkdi, bilet satışından gəlir əldə edə bilərdik. Maddi vəziyyətimiz də çox ağır idi. Fransanın sayəsində Avropada da tanınacaqdıq, oyunumuza baxacaqdılar. Teleyayım gəlirləri də olacaqdı. Qazaxıstan da, Gürcüstan da öz köməyini təklif edirdi. Belə bir şəraitdə Türkiyə Futbol Federasiyası da məsələyə münasibət bildirdi. Trabzondakı “Avni Aker” stadionu UEFA tərəfindən qəbul olunmuşdu, bütün tələblərə cavab verirdi. Ərazicə də bizə yaxın idi. Gedib-gəlmək asan olacaqdı. Türklər həm də deyirdilər ki, qardaş kimi əlimizdən gələni edəcəyik. Fuad Musayev də UEFA ilə danışıqlara başladı. Qəti şəkildə mövqeyimizi qoyduq ki, biz Trabzonda oynamalıyıq. TFF də bizə danışıqlarda çox kömək etdi, tam təminat verdilər ki, hər şey yüksək səviyyədə təşkil olunacaq. Məsələ həll olunandan sonra baxdıq ki, Trabzona getmək üçün, orda yerləşməyə nə qədər vəsait tələb olunur. Bizim isə maddi durumumuz çox ağır idi. “Neftçi”nin prezidenti rəhmətlik Rasim Rəfiyev öz şəxsi təyyarəsini millinin sərəncamına verdi. Sovet istehsalı, “İL” markalı təyyarə idi.

Avropanın bir çox hava limanlarında onu yerə enməyə qoymurdular. Çətinliklə buna icazə aldıq. İstismar müddətini başa vurmuş, təhlükəli, ekoloji baxımdan da yararsız təyyarə olduğundan icazə vermək istəmirdilər. Bir dəfə Polşa ilə oyuna gedəndə Varşava şəhərində bizi yerə enməyə qoymadılar, başqa şəhərə getdik. Oradan da avtobusla gəldik. O vaxt dərdimiz-sərimiz təkcə futbolçular, nəticələr deyildi. Problemlər başdan aşırdı. Yığma komanda formalaşdırarkən həm maddi, həm də təşkilati baxımdan xeyli problemlə qarşılaşırdıq. Fuad Musayev arzulayırdı ki, Trabzona səfərlərimiz zamanı otellərdə və digər xərclərdə bizə heç olmasa, 15 faiz güzəşt etsinlər. Oyundan bir həftə əvvəl Trabzona gedirdik. Orda məskunlaşırdıq, məşq edirdik. Bu güzəşt bizim üçün böyük məbləğ idi. Qonaq komandanı da biz qarşılaşmalıydıq, yola salmalıydıq. Fuad müəllimlə birlikdə Trabzon şəhərinin valisi ilə görüşə getdik. Ondan xahiş etdik ki, bizə 15 faizlik güzəşt olsun. Mən də valini əvvəlcədən tanıyırdım, Ankarada görüşmüşdük, münasibətlərimiz var idi. Valiyə dedim ki, biz iki nəfər gəlmişik, Musayevə görə 15 faiz güzəşt etsinlər, mənə görə də əlavə 15 faiz. Bir az zarafatlaşdıq, amma “hə-yox” demədi. Fuad Musayev məni dümsüklədi ki, soruş güzəşt olunacaq, ya yox. Amma cavab ala bilmədik, pərtlik yarandı. Çayımızı içib çıxanda bir daha uca səslə soruşdum, dedim bizim bu güzəştə çox ehtiyacımız var. Vali ayağa qalxdı və məni bağrına basdı. Dedi ki, “Məzahir abi, hansı faizdən söhbət gedə bilər? Biz qardaşlarımızı qonaq kimi qarşılayırıq, heç nəyə pul-para ödəməyəcəksiniz, stadionu da dolduracağıq, siz bütün xərclərdən azadsınız”. Sağ olsunlar, bütün xərclərimizi özləri çəkirdi. Hətta mətbəəyə göstəriş verdilər, oyun biletləri belə pulsuz çap olundu. Şenol Günəş də “Trabzonspor”un baş məşqçisiydi. O da düşərgəmizə gəlmişdi, bizimlə görüşdü, işlərin gedişi ilə maraqlandı, ehtiyacımızı soruşdu. Bizi son dərəcə yüksək qayğı ilə əhatə olunduq. Bunu da bütün ömrümüz boyu xatırlayırıq.

Məzahir Süleymanzadə ilə söhbətimizi elə bu ürəkaçan xatirəylə də yekunlaşdırdıq. Özü demişkən, bütün bu xatirələr hamısı bir tarixdir. Tarixi isə unutmaq olmaz. Biz də öz yazılarımızla buna çalışırıq.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir