Qadın futbolunun problemləri: Mentalitet, yoxsa istedad qıtlığı – LAYIHƏ

SportLine.az dəyərli oxucularına “Azərbaycan futbolu ilə bağlı bütün sahələrdə yaşanan problemlərin araşdırılması və mümkün həll yollarının göstərilməsi; futbolumuzun tarixi: heç kim və heç nə unudulmur; qadın futbolunun durumu və mövcudluq perspektivləri” adlanan layihə çərçivəsində 8-ci yazını təqdim edir.

Bu dəfəki yazımız digərlərindən fərqlənəcək. İndiyə qədər uşaq futbolunun problemlərindən, klublarımızın, milli komandamızın tarixindən, AFFA-nın yaranmasından söhbət açılan müxtəlif yazıları sizə təqdim etmişik. Səkkizinci yazımızda qadın futboluna toxunacağıq. Bu sahədəki mövcud durumdan, inkişaf yolundakı problemlərdən bəhs edəcəyik. Məlum məsələdir ki, Azərbaycanda qadın futbolunun özünəməxsus problemləri var. Ənənəvi hesab olunan yetərli sayda istedadın və ya bacarıqlı mütəxəssislərin çatışmamasına qadın futbolunda mentalitet də əlavə olunur. İllərdən bəri bu problem mövcud olub. Özü də təkcə futbolda deyil. Digər idman növlərində də qızların qarşısında bu cür subyektiv problem yaranır. Valideynlər, bəzi hallarda isə həyat yoldaşı qadınların idmanla məşğul olmasına, karyera qurmasına icazə vermirlər. Bəzən isə ailənin törətdiyi çətinliklər, obyektiv və subyektiv amillər hansısa istedadlı idmançını karyerasını yarımçıq qoymağa məcbur edir. Bəs çıxış yolu varmı? Azərbaycanda qadın futbolunun perespektevi necə görünür?

2012-ci ildə dünyanın gözü bizdə idi

Çox uzaq tarixdə yox, cəmi 6 il bundan əvvəl bütün dünyanın gözü bizdə idi. FİFA U-17 Qadınlararası Dünya Çempionatına Azərbaycan ev sahibliyi edirdi. Mundialın təşkilatçılığına layiq görülməyimiz Azərbaycan üçün böyük hadisə sayılırdı. Bu yarış ölkəmizdə qadın futbolunun inkişafına təkan verməli, yeniyetmə və gənclərin futbola marağını artırmalıydı. 3-cü dəfə keçirilən çempionatın Azərbaycanda təşkilinə FİFA-nın İcraiyyə Komitəsinin 2010-cu il martın 19-da keçirilən iclasında qərar verildi. Bu çempionat FİFA-nın Azərbaycanda keçirdiyi ilk tədbir idi. 16 komandanın iştirak etdiyi mundialın oyunları Bakıda yerləşən “Dalğa Arena”, “8-ci kilometr stadionu”, “Bayıl stadionu, “Tofiq Bəhramov adına Respublika stadionu” və “Şəfa” stadionu ilə yanaşı Lənkəran şəhərindəki arenada keçirildi.

Azərbaycan millisi də ölkəmizdə təşkil olunacaq dünya çempionatına ciddi hazırlaşırdı. Almaniyalı mütəxəssis Sissi Raytın çalışdırdığı milliyə futbolçu seçmək məqsədi ilə, 2010-cu ildən Bakıyla yanaşı Gəncə, Lənkəran, Zaqatala, Şəki və Qusar şəhərlərində seçmə turlar keçirildi. Həmin seçmələrdə fərqlənən qızlar isə U-17 millimizə cəlb olundu. Millimizin yekun heyətinə cəlb olunan futbolçular bunlar idi: Mədinə Xələfova, Günay İsmayılova, Əminə Heydərova, Jalə Məhsimova, Jalə Məmmədova, Nərgiz Ömərova, Kamilə Məmmədova, Şəfəq Nəsirli, Sevinc Qurbanova, Nigar Cəlilli, Suğra Xəlilova, Aliyə Vəliyeva, Aysun Əliyeva və Olya Şioşvili. Adlardan göründüyü kimi, millimizin heyəti demək olar ki, bütünlüklə yerli futbolçulardan təşkil olunmuşdu. Amma oyun təcrübəsinin azlığı, bu səviyyədə yarışda ilk dəfə iştirak etməyimiz nəticələrdə özünü göstərdi. Milli komandamız 2012-ci ilin sentyabr ayının 22-də start götürən dünya çempionatında “A” qrupunda mübarizə aparırdı. Qrupda keçirdiyimiz hər üç oyunda məğlubiyyətə düçar olmağımız səviyyə fərqinin göstəricisi idi. Belə ki, millimiz ilk oyunda Kolumbiyaya 0:4, daha sonra Nigeriyaya 0:11, Kanadaya isə 0:1 hesabıyla uduzmaqla mundialdakı çıxışını başa vurdu. Fransanın çempionluğu bayram etdiyi dünya çempionatı xatirimizdə təkcə acı məğlubiyyətlərlə yox, həm də futbol bayramı kimi qaldı. Düşünmək olardı ki, bu çempionatdan sonra Azərbaycanda qadın futbolu özünün yeni inkişaf mərhələsinə qədəm qoyacaq.

İndi vəziyyət necədir?

Amma hər şey heç də düşündüyümüz kimi olmadı. Dünya çempionatından sonra da Azərbaycanda qadın futbolunun vəziyyətində ciddi dəyişiklik hiss edilmədi. Onu da xatırladaq ki, hələ 2010-cu ildə AFFA rəhbərliyi bu sahədə inqilabi dəyişikliyə imza atmış, Azərbaycanda qadın futbolunun sağlam təməllər üzərində inkişaf etməsi üçün milli komandanın fəaliyyətinin dayandırılması haqda qərar çıxarılmışdı. Bundan sonra qarşıdakı illər ərzində Avropa və dünya çempionatlarının seçmə mərhələsindəki iştirakımız müvəqqəti olaraq dayandırılmışdı. Məqsəd qadın futbolunun “lipa”lardan təmizlənməsi, sağlam nəslin formalaşdırılması idi. Bununla bağlı UEFA və FİFA da məlumatlandırılmışdı. Zaman göstərir ki, ötən müddət ərzində vəziyyəti müsbətə doğru dəyişməyə tam nail olmamışıq. Bu gün müxtəlif yaş qrupları üzrə millilərinin heyətinə nəzər salanda bunu hiss etmək çox asandır. 17 yaşadək qızlardan ibarət millinin heyətində Beyzanur Aslan, Birgül Çelik, Dilara Soley Deli, Gizəm Arık, Melis Ərsoy, Neslihan Bozkaya, Seval Cakan kimi adlara rast gəlməyimiz heç də xoş deyil. U-19-la bağlı da vəziyyət oxşardır. Ülki, Merve və Hatice Özdemirlər, Peritan Bozdağ, Özkumru Yağmur yerli futbolçuların qıtlığı fonunda milli komandaya cəlb olunurlar. Deməli, azərbaycanlı qızlar arasında hələ yetərli sayda futbolçu yoxdur. Son 7-8 ildə bu sahəyə davamlı diqqət ayrılsa da, Azərbaycan dünya çempionatına ev sahibliyi etsə də, qadın futbolunu lazımi inkişaf səviyyəsinə çatdırmaq, yetərincə populyarlaşdırmaq və azərbaycanlı qızları top oyununa cəlb etmək istənilən səviyyədə mümkün olmayıb. Səbəbləri bu sahənin mütəxəssisləri və sabiq futbolçularla araşdırmağa çalışdıq.

Millimizin sabiq baş məşqçisi: “İstedadlı qadın futbolçu tapmaq çox çətindir”

Əvvəlcə Zamin Əsədullayevə tribuna verdik. “A” kateqoriyalı “Əməkdar məşqçi” Əsədullayevin uzun müddət məşqçilik təcrübəsi var. Bir dönəm qadınlardan ibarət milli komandada köməkçi-məşqçi olan mütəxəssis U-17 və U-19 komandalarının baş məşqçisi kimi də çalışıb. Qeyd edək ki, Zamin Əsədullayev bir müddət İranda futbol akademiyasında işləyib.

 - Uzun müddət qadın futbolu sahəsində çalışan bir mütəxəssis kimi, Azərbaycanda qadın futbolunun vəziyyətini necə dəyərləndirə bilərsiniz?

- Sözün düzü, son beş ildə bir qədər bu sahədən uzaq düşmüşəm. Bir müddət İrana yollandım. Oradan qayıdandan sonra isə əvvəl AZAL-da, sonra isə “Rəvan”da uşaq futbolu sahəsində çalışmışam. Azərbaycan futbolu tarixində ilk dəfə çempionumuz, yəni “Rəvan”ın U-19 komandası UEFA Gənclər Liqasında iştirak edərkən komandanın baş məşqçisi mən idim. “Spartak”a qarşı komandanı meydana çıxarmışdım. Amma qadın futbolu ilə bağlı da təcrübəyə, məlumatlara sahibəm. Bütünlükdə futbolumuzun problemləri oxşardır. Həm qadın, həm də kişi futbolunda görüləsi işlər çoxdur. Unutmaq lazım deyil ki, ənənələr elə də zəngin deyil və futbolun inkişafı uzun zaman, möhkəm təməllər tələb edir. Biz də bu yolları keçməli, mərhələli şəkildə irəliləyişə nail olmalıyıq. Hələlik böyük nəticələr, qələbələr barədə düşünməməliyik.

- Sizcə, Azərbaycanda qadın futbolunun əsas problem nədir: istedadlı futbolçularımız azdır, yoxsa metalitet amili önümüzü kəsir?

- Mentalitetlə bağlı əvvəllər ciddi problemlər var idi. Qızları evdən futbola, məşq etməyə buraxmırdılar. Son illər apardığım müşahidələrə əsasən deyə bilərəm ki, bu problem nisbətən azalıb. İnsanların düşüncə tərzi dəyişib, həyata baxış müasirləşib. AFFA da bu istiqamətdə böyük işlər görüb, məktəblərdə təbliğat işləri aparılıb. Valideynlərə izah olunub ki, övladlarının idmanla məşğul olması, futbol oynaması heç də pis məşğuliyyət deyil. Hətta rayonlara, kəndlərə səfərlər təşkil olundu, AFFA-nın əməkdaşları bölgələrə getdilər. Ailələr də gördü ki, hər hansı bir problem yoxdur. Yavaş-yavaş mentalitet əngəli arxa plana keçdi. Məncə, istedadlı futbolçuların azlığı daha ciddi problemdir. Məsələn, mən 10 ildən çox qadın futbolunda çalışdım. Məndən təcrübəli məşqçilər də təsdiqləyə bilərlər. İstedadı ilə fərqlənən bir futbolçu adı çəkə bilərəm. O da Aygün Qırxlarovadır.

1983-cü il təvəllüdlü idi. Onun kimi ikinci bir istedadlı qadın futbolçu Azərbaycanda olmayıb. Ən azından olsaydı, mən görməsəydim də, bu haqda eşidərdim. Özü Çempionlar Liqasında uğurla çıxış edən “Gömrükçü” komandasında oynayırdı. Həmin vaxt “Gömrükçü” Çempion Liqasında ¼ finala qədər yüksəlmişdi. Almaniyalı mütəxəssislər də onun oyununu çox bəyənirdilər. Əsl istedad Aygün idi. Onun kimi 3-4 futbolçumuz olsa, məşqçilərə də rahat olar, digərləri də bu axına düşər və “artırarlar”. Məşqçilər yaxşı futbolçu tapa bilməyəndə onlar üçün də xeyli çətin olur. Qadın futbolu sahəsində işləmək olar, amma nəticə qazanmayanda işə də həvəs azalır. Gərək hansısa futbolçu da bacarığı, həvəsi görəsən ki, onu artırmaq, istiqamətlənirmək üçün əmək sərf edəsən.

- Özünüz də qeyd etdiniz ki, son bir-neçə ildə kənara çəkilmisiniz. Deməli, kənardan müşahidə etmək imkanı yaranıb. Əvvəlki dövrlə müqayisə aparanda nələri görürsüz? İrəli gedirik, yoxsa geriləyirik?

- Hadisələrin mərkəzindən uzaq olanda fikir söyləmək bir qədər çətindir, çox məsuliyyətli işdir. Çünki daxildə nələrin baş verdiyini, proseslərin hansı istiqamətə getdiyini tam bilmək olmur. Əsas odur ki, AFFA rəhbərliyi və hazırda çalışan məşqçilər indiki səviyyədən razı qalsınlar. Keçmişlə müqayisədə irəliləyiş olduğunu deyə bilərəm. Hətta bir müddət əvvəl bu inkişaf intensiv xarakterli idi. Sissi Raytın işlədiyi dövrü xüsusilə vurğulayardım. Qısa müddətdə AFFA rəhbərliyi və məşqçilər böyük təkan götürməyə nail oldular. Xüsusən də rayonlarda canlanma yaranmışdı. Mən özüm də həmin proseslərdə iştirak edirdim. Rayonları gəzirdik. Böyük inkişaf yolu keçdik. Təsəvvür edin ki, 2012-ci ildə dünya çempionatı Azərbaycanda keçiriləcəkdi, amma bizim komandamız yox idi. Klublar fəaliyyət göstərmirdi, o yaş qrupuna uyğun 17 yaşını tamamlayan futbolçular tapılmırdı. Əvvəllər futbolla məşğul olmamış yeniyetmələri toplamaq, onlardan vahid komanda formalaşdırıb, dünya çempionatına qatılmaq böyük zəhmət tələb edən riskli iş idi. Nəticənin uğursuz olmasında bu amil də rol oynadı. Qısa müddətdə toplanan komandadan çox şey tələb etmək olmazdı. Sonuncu oyunda Kanadaya qarşı daha yaxşı çıxış etmişdik. Bu da onu göstərirdi ki, bir yerdə çox çalışmaq, hazırlaşmaq lazımdır. İnkişaf etmək üçün təcrübə vacibdir. Bu göstəriciyə görə digərlərindən çox geri qalırdıq. Amma heçdən komanda formalaşdırmışdıq. Deməli, istək olsa, çox şey etmək mümkündür. Şərait yaratmaq və buna çalışmaq lazımdır. Mən millidən ayrıldığım ərəfədə xeyli irəliləmişdik. Klubda çalışan məşqçiləri də AFFA xarici ölkələrə, təcrübə qazanmağa göndərirdi. Sonralar müxtəlif yaş qrupları üzrə liqalar yaradıldı, çempionatlar keçirilməyə başladı. Bu da qadın futbolunun populyarlaşmasına, inkişafına kömək üçün vacib amildir.

- Bundan sonrakı perespektivimiz necə görünür? Qadın futbolunu inkişaf etdirmək üçün hansı tədbirlər həyata keçirilməlidir?

- Yaxın illər ərzində böyük uğurlar gözləmədiyimi təəssüf hissi ilə deməliyəm. Çünki hazırkı potensial buna imkan vermir. İndiki səviyyə ilə dünya və Avropa çempionatında uğur qazanmaq üçün yetərli potensialımız yoxdur. Bacarıqlı futbolçular çatışmır. Söhbət məşqçilərin və AFFA-nın işindən getmir. Əvvəlki sualınıza cavab verərkən də bu məqama toxundum. İstedad yoxdursa, hansısa futbolçunun böyük gələcəyindən danışmağa dəyməz. Amma qadın futbolu Azərbaycanda olmalıdır. Pis-yaxşı ilk addımlar atılıb, təməl qoymuşuq. Bütün yükü AFFA-nın üzərinə atmaq, hər şeyi ordan gözləmək düzgün deyil. Rayonlarda idman idarələri var, onlar bu işə can yandırmalıdırlar. 2002-2004-cü illərdə “Gömrükçü” komandası vardı. Xəzər İsayevin rəhbərliyi ilə orda böyük işlər görülürdü. Gömrük Komitəsi yaxşı maliyyə vəsaiti ayırırdı. Əsl peşəkar komanda idi, təlim-məşq toplanışı keçirirdilər, avrokuboklara qatılırdılar. Ardıcıl üç il UEFA kubokunda Azərbaycanı təmsil etdilər. “Nizami Bələdiyəsi” komandası da vardı, mən çalışdırırdım. Bizim perspektivli futbolçularımız “Gömrükçü”yə transfer olunmuşdular. Yerli bələdiyənin köməyi ilə komandanı saxlayırdıq. Az da olsa, pul ayırırdılar. Maaş və mükafatlar olurdu. Meydança və geyimlə təmin olunurduq. “Sumqayıt” da var idi o ərəfələrdə. Biznesmenlərdən biri icra hakimiyyətiylə köməkləşib, komandanı saxlayırdı. Sözümün canı odur ki, o vaxt indiki kimi şərait yox idi. Amma AFFA-nın köməyi olmadan Gömrük Komitəsi, bələdiyə, icra hakimiyyəti komanda saxlayırdılar. İndi şərait daha yaxşıdır, AFFA bir çox imkanlar yaradıb. Çıxış yolu tapılmalıdı, vəziyyət dəyişməlidir. AFFA ilə Gənclər və İdman idarələri arasında görüşlər keçirilməlidir. Hansısa formada hər təşkilatın öz komandası olmalıdır. Kütləviləşmə vacibdir. Gəncə kimi böyük şəhərdə bir qadın komandası yoxdur. Lənkəranda, Bakının rayonlarında, böyük dövlət komitələrində, nazirliklərdə mütləq komandalar olmalıdır. Bu həm də rəqabət yaradar. Legionerlər gəlsə, yerlilər də inkişaf edər. AFFA-nın da yükü azalar. Hər şeyi AFFA-dan gözləməklə başımızı aldadırırıq. Məşqçilərə 200-300 manat maaş verməklə ciddi hansısa irəliləyiş olmayacaq. Çıxış yolu kütləviləşmədə, rəqabətin yüksək olduğu çempionatın keçirilməsində, seçim dairəsinin genişləndirilməsindədir.

Xəyalə Əzizzadə: “Futbolçu olmağımdan anam narazı idi”

2014-cü ildən FİFA referisi adını almış laysman Xəyalə Əzizzadə 1982-ci ildə Cəbrayılda anadan olub. Atası ilə birlikdə futbola baxarkən bu oyuna maraq yaranıb. Sonra özü də futbol oynamağa başlayıb.

- Mən idmanla 1995-ci ildən məşğul olmağa başladım, amma əvvəlcə futbolla yox, karate ilə. Qadınlar üçün futbol məşğələləri olmadığından həyətdə oğlanlarla oynayırdım. 1999-cu ildə Sumqayıtda Sabir Mütəllimovun rəhbərlik etdiyi futbol dərslərinə yazıldım və məşqlərdə iştirak etməyə başladım. Məni Sabir müəllim məhlədə futbol oynayarkən görmüşdü. Öz komandasına dəvət etmək üçün valideynlərimin razılığını aldı. Atamın futbola marağı çox idi. Onunla birlikdə bütün futbolları evdə televizordan izləyirdim. Ümumiyyətlə, ailəlikcə futbola baxırdıq. Anam millimizin və “Qarabağ”ın oyunları zamanı çox həyacanlanırdı. Elə valideynlərimin sayəsində də məndə futbola maraq yaranmışdı. Futbolla məşğul olmağa başlayanda evdə ciddi narazılıq olmadı. Əksinə, atam məni dəstəkləyirdi. Bir qədər anam narahat idi, ona da qonşular təsir edirdi. Mentalitet amili məhz burada özünü göstərirdi. Sonradan anam da fikrindən vaz keçdi. İndi anam da, atam da, qardaşım və bacım da mənimlə qürur duyurlar. Sevinirəm ki, onlar da mənə dəstək verirlər. 10 il futbol oynamışam və bütün bu illər ərzində milli komandamızın şərəfini qorumuşam. Futbolu o qədər çox sevirdim ki, bu sahədən ayrıla bilmədim və 2010-cu ildən hakimliklə maraqlanmağa başladım. Cəmi 4 il sonra FİFA məni öz siyahısına saldı və hakim kimi Azərbaycanı Avropada təmsil etməyə başladım.

İlk gündən futboldan necə zövq almışamsa, indi də elədir. Mentalitet haradasa özümə də müəyyən çətinliklər törədib. Mən futbol oynayanda kənardan baxıb deyirdilər ki, qız nədir, futbol nədir?! Ancaq indi bu sahədə vəziyyət yaxşıdır. Futbol oynayan qızların sayı artıb. Aşağı yaş qrupları üzrə çempionatlarımız keçirilir və ailələr də yavaş-yavaş qız uşaqlarını futbola göndərməyə başlayırlar. Problemlər bir də yetkinlik yaşına çatanda sonra başlayır. Qızlar ailə qurandan sonra futbolu atırlar. Bu da özünü “A” milli komandada göstərir, 19 yaşdan sonra qadın futbolçu tapmaq çox çətindir. Əlbəttə, hər bir qadının ailə qurması sevindiricidir. Avropanın bir çox ölkələrində qızlar ailə qurandan sonra da futbol oynamağa davam edirlər. Bizdə isə belə deyil. Hazırda futbol oynamasam da, bu sahəni diqqət mərkəzində saxlayıram. Görürəm ki, əvvəlki kimi güclü klublar yoxdu. Mən özüm “Gömrükçü”də uzun müddət oynamışam, UEFA kubokunda ən güclü 8 komanda sırasına qədər yüksəlmişdik. İndinin özündə bizim yaxşı U-15, U-17, U-19 komandalarımız var və onlar gələcəkdə Avropanın futbol meydanlarından bizi layiqincə təmsil edəcəklər. Legioner futbolçularımızın da olması sevindiricidir. Sevinc Cəfərzadə, Anna Mollayeva, Aytac Şərifzadə, Günay İsmayılova kimi gənclərimiz İstanbulun “Beşiktaş” komandasında çıxış edirlər. Deməli, perespektiv var. Onların hər birinə uğurlar arzulayıram.

Nərgiz Paşayeva: “Qızların futbol oynaması əvvəlki kimi qəribə görünmür”

1987-ci ildə Bakıda dünyaya gələn Nərgiz Paşayevə futbolla məşğul olmağa orta mətkəbdə oxuyarkən başlayıb. Sonradan uzun müddət top oyununun sehrinə düşüb, milli komandaya qədər yüksəlib.

- Bir gün eşitdim ki, məktəbimizə seleksiyaçı məşqçilər gəlib. Futbol oynamağı bacaran qızlardan komanda formalaşdırmaq istəyirlər. Mən seçimlərə qatıldım və uğurla keçdim. İlk komandam “Azəri” olub. Milli komandalarda isə U-17-dən başlayaraq U-19, U-21 və əsas yığmada oynamışam. İlk vaxtlar anam özü məni məşqlərə aparırdı. Evdə heç vaxt hansısa narazılıq eşitməmişəm. Ailə üzvlərim oyunlarıma da gəlib baxırdı, mənə azarkeşlik edirdilər. Amma ümumlikdə bəzi problemlər vardı. Eşidirdim ki, futbol oynamağıma qəribə yanaşanlar, “qız uşağının futbolda nə işi” deyənlər var. Əvvəllər çox çətin idi. İndi bu cür düşünənlərin sayı azalıb. Zaman keçdikcə baxış dəyişəcək, belə bir problem qalmayacaq. İnanıram ki, yaxın gələcəkdə Azərbaycanda idmanın digər növləri kimi, qadın futbolu da inkişaf edəcək.

Göründüyü kimi, həm məşqçi Zamin Əsədullayev, həm də futbolçu xanımlar Azərbaycanda qadın futboluna baxışın dəyişdiyini, indi şəraitin daha yaxşı olduğunu vurğulayırlar. Qalır bu şəraiti düzgün dəyərləndirmək, qadın futbolunu kütləviləşdirməyə nail olmaqla onu Azərbaycanda inkişaf etdirmək.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir