Mahmud Qurbanov: “Biz 10 yox, daha çox xal toplamağı arzulayırdıq” - LAYİHƏ

SportLine.az dəyərli oxucularına “Yığma komanda: son seçmə mərhələnin analitik-statistik yekunu; AÇ-2020 üçün baza rolunu oynayacaq yığmanın seçimi və formalaşdırılması; yığmanı gücləndirmək imkanı: islahat, yoxsa inqilab yolu?” adlı layihə çərçivəsində ikinci yazını təqdim edir. Budəfəki yazımızda seçmə mərhələnin ilk 3 oyunundan bəhs edəcəyik. Həmin oyunlar ki, bizi dünyanın xoşbəxti edib, səmalara qaldırmışdı. Söhbət təbii ki, millimizin 7 xal topladığı  San Marino, Norveç və Çexiya ilə qarşılaşmalardan gedir.

Seçmə mərhələnin ilk turunda San Marino ilə səfərdə qarşılaşan və hesabına 3 xal yazdıran millimiz, daha sonra Bakıda Norveçi məğlub etdi. Bu həmin Norveç idi ki, əvvəllər onları heç cür üstələyə bilməmişdik, yalnız bir qarşılaşmada qolsuz heç-heçəyə sevinmişdik. İlk iki oyunda 6 xal qazanan millimiz, həm də yeni rekorda imza atmışdı. İndiyə qədər heç vaxt seçmə mərhələyə bu qədər uğurlu start verməmişdik. 3-cü turda isə rəqib Pavel Nedved, Peter Çex kimi yetirmələri ilə öyünən Çexiya idi. Çoxları “Niyə də yox?!” şüarı ilə yola çıxan millimizin Ostravadakı oyundan məğlub ayrılacağını düşünürdü. Belə düşünənlər bununla da seçmə mərhələnin ilk iki oyunundakı qələbələrin təsadüfi olduğunu, Azərbaycan millisinin yüksəlişinin də sona çatdığını iddia edəcəkdilər. Amma bu tip proqnozlar özünü doğrultmadı. Robert Prosineçkinin çalışdırdığı komandamız yenə də bədbin proqnozları alt-üst etdi və Çexiya ilə oyundan qazancımız bir xal oldu. Beləliklə, 3 oyundan sonra, xal ehtiyatımızı yeddiyə çatdırmışdıq. Artıq bütün Avropanın nəzərləri “C” qrupunda Almaniyadan sonra 2-ci pillədə yer alan Azərbaycanda idi. Rəqiblərimiz də bizi ciddi qəbul edir, Bakıya səfərin onlar üçün asan keçməyəcəyini düşünürdülər. Təsadüfü deyildi ki, almanların baş məşqçisi Yoahim Löv müsahibələrinin birində Azərbaycan millisi ilə qarşılaşmanı qrupun mərkəzi oyunu kimi qiymətləndirmişdi.

Milli komandamızın seçmə mərhələyə bu cür uğurlu start verməsi azarkeşlərin də ürəyində ümid qığılcımlarını alovlandırmışdı. Nikbin azarkeşlər xal ehtiyatının artacağına, məğlubiyyətsiz oyunlar seriyasının davam edəcəyinə inanırdılar. Onlar əmin idilər ki, Prosineçkinin məşqçilik bacarığı və onun milliyə dəvət etdiyi futbolçuların əzmkarlığı sükanı sona qədər belə saxlamağa imkan verəcək. Millimizin mərhələnin sonuna qədər 2-ci pillədə qərarlaşacağına və dünya çempionatına qatılmaq yolunda son əngəl sayılan “pley-off”un iştirakçısı olacağına inananların sayı yetərincə idi. Təəssüflər olsun ki, hadisələrin davamı heç də bizim arzuladığımız ssenari ilə inkişaf etmədi. İlk üç oyunda uduzmayan və 7 xal toplayan komandamız qalan yeddi oyunda cəmi bir qələbə qazandı. Digər altı qarşılaşmadan isə əliboş ayrıldıq. Səbəb nə idi? Çox güman ki, bu cür arzuolunmaz nəticələri qaçılmaz edən səbəblərin sırası genişdi. Biz də onları mütəxəssislərlə aydınlaşdırmağa çalışdıq. Sözsüz ki, suallarımızı millinin baş məşqçisi Robert Prosineçkiyə ünvanlamaqla ondan daha dolğun cavablar ala bilərdik. Təəssüf ki, xorvatiyalı mütəxəssis hazırda Bakıda deyil. Belədə həmsöhbət kimi millimizin məşqçilər korpusunda yer alan, Prosineçkinin köməkçisi vəzifəsini seçmə mərhələ ərzində icra etmiş Mahmud Qurbanovu seçdik.

“Bəxt amili Şimali İrlandiya ilə Bakıdakı oyunda bizə mane oldu”

Ötənlərin məşhur futbolçusu, meydandakı ağıllı ötürmələri və oyunu oxumaq bacarığına görə “professor” ləqəbini qazanan Qurbanov ümumilikdə seçmə mərhələnin bizim üçün pis keçmədiyini düşünür. Millimizin məşqçisinin bu qənaətə gəlməsinə səbəb komandamızın rekord sayda xal toplamasıdır. Amma həmsöhbətimiz onu da vurğuladı ki, seçmə mərhələnin sonunda aktivimizdə 10 yox, daha çox xal ola bilərdi. Buna nəyin mane olduğunu da elə Qurbanovla aydınlaşdırmağa çalışdıq:

Dünya çempionatının seçmə mərhələsini birmənalı dəyərləndirmək o qədər də asan deyil. Yaxşı qiymət vermək üçün yetərincə əsaslar var. Amma bəzi məqamları da nəzərə alanda düşünürsən ki, uğursuzluqlar da olub. Öncə onu nəzərə almalıyıq ki, yığma tarixi rekorda imza atıb. İndiyə qədər heç vaxt 10 xal toplaya bilməmişdik. Bu dəfə isə həmin xal həddinə çatmağı bacardıq. Özlüyündə bu rekord irəliyə doğru atılmış bir addımdır. Son oyunlara qədər çalışırdıq ki, xal ehtiyatımızı daha da artıraq, uğurlu oyunların sayı çox olsun. Razılaşın ki, bunun üçün imkanlarımız da var idi. Amma yekunda 10 xalla kifayətləndik. Real baxsaq, imkanımız bu qədərinə çatdı. Əslində həm məşqçilər korpusu, həm də futbolçular daha artıq xalq toplaya biləcəyimizə inanmışdı. Artıq həmin 10 xal da keçmişdə qalıb. Çalışmalıyıq ki, buraxılan səhvləri düzgün analiz edək, nəticə çıxaraq. Və gələn seçmə mərhələlərdə daha yüksək hədəflərə çatmağı bacaraq.

İlk üç oyunda 7 xal toplamağımızı adi qarşılayanlar da oldu, bunu sürpriz sayanlar da. Siz necə, bu qədər xal qazanacağımızı gözləyirdinizmi?

Mən özüm də futbolçu olanda həmişə daha yaxşısına inanmışam. Məşqçi kimi fəaliyyət göstərməyə başlayandan da bu prinsipim dəyişməyib. Milli komanda da bütün oyunlara qələbə və xal qazanmaq üçün çıxır. Sevindirici hal idi ki, biz bunu ilk üç oyunda yüksək səviyyədə bacardıq, azarkeşlərimizi də ümidləndirdik. Həqiqətən də əla start idi. Bacardığımız qədər irəliləməyə çalışırdıq. Bilirdik ki, buna imkanımız çatar. Gücümüzə inanmışdıq. Təəssüflər olsun ki, sonradan bu uğurlu startın davamını gətirə bilmədik.

Mərhələnin ilk oyununda San Marino ilə qarşılaşdıq və rəqibi cəmi bir qolla məğlub etdik. Bakıdakı qarşılaşmada “cırtdanlar”a 5 qol vurmaqla səviyyə fərqini ortaya qoyduq. Amma onların meydanındakı oyunda buna nail ola bilməmişdik. Çoxları minimal hesablı qələbəmizdən sonra millini tənqid edirdi. Həmin qarşılaşmada daha çox fərqlənməyimizə nə mane oldu?

Nəzərə almaq lazımdı ki, istənilən seçmə mərhələdə ilk oyunun həyacanı bir qədər ağır olur. Rəqib də doğma meydanda oynayır, onlar da çalışırlar ki, yeni mərhələyə yaxşı start versinlər. San Marino ilə oyunu yaxşı xatırlayıram. Yetərincə qol imkanlarımız var idi. Hesab arasındakı fərq daha böyük ola bilərdi. Bəzi anlarda tələskənlik, bəzən də son nöqtəni yaxşı qoya bilməmək problemi özünü göstərdi. Söhbət təkcə rəqibin qapısına neçə qol vurmaqdan getmir. Vacib olan qələbə çalmaq, 3 xal qazanmaq idi ki, bunu da bacardıq. Özünüz də şahid oldunuz ki, bu qələbə sayəsində komandada özünə inam, ruh yüksəkliyi pik həddə çatdı və növbəti iki oyunda da yaxşı çıxış etdik.

Heç şübhəsiz ki, ardıcıl üç məğlubiyyətsiz oyun, qazanılan 7 xal çəkilən zəhmətin bəhrəsi idi. Siz milli komandanın məşqçilər korpusunda idiniz və komandanın gücünü yaxşı bilirsiniz. Necə düşünürsünüz, uğurun davamını gətirməyə nə mane oldu?

Bu sualın konkret cavabını vermək çox çətindir. Almanları bir kənara qoyuram, onlar təkcə bizim qrupumuzun deyil, iştirak etdikləri bütün turnirlərin favoritidirlər. Amma qalan rəqiblərlə başa-baş mübarizə aparmağa, onları büdrətməyə çalışdıq. Nəticələr də bunu sübut edir. Çexlərə səfərdə uduzmadıq, Norveçi Bakıda məğlubiyyətə uğratdıq. Şimali İrlandiya ilə oyunda da xal qazanmaq üçün şansımız var idi. O oyunda məğlubiyyətə layiq deyildik. Millimiz irlandlara qarşı çox yaxşı çıxış etdi, qol epizodları da yaratdıq, amma sonda uduzan tərəf biz olduq. Oyunun lap sonlarında ümumi axara uyğun olmayan qol buraxdıq. Onlarla səfərdəki oyun da bizim üçün çox ağır keçmişdi, böyük hesabla uduzmuşduq. Bu məğlubiyyətin gətirdiyi bir psixoloji gərginlik də var idi. O yenilginin təsirini uzun müddət hiss etdik. Əslində daha çox xal yığmağı arzulayırdıq və buna layiq də oynayırdıq. Amma alınmadı.

Bir az da konkretləşdirsək, bəxtimiz gətirmədi, “futbol tanrısı” imkan vermədi, ya gücümüz bu qədərinə çatır?

Deməzdim ki, bütün oyunlarda bəxtimiz gətirmədi. Bəxt amilini təkcə Şimali İrlandiya ilə Bakıdakı oyuna şamil edə bilərik. O oyunda buraxdığımız qol heç nədən oldu. Yalnız həmin oyunda bəxtdən şikayətlənməliyik. Qalan məğlubiyyətlərimzə isə səviyyə fərqi səbəb olub. Etiraf etməliyik ki, uduzduğumuz oyunlarda rəqib bizdən güclü çıxış etdi.

“Üç oyunda 7 xal qazanmağımız sürpriz nəticə idi”

Mahmud Qurbanovun cavabları millimizin ilk üç oyundakı qənaətbəxş çıxışına qiymət vermək, sonrakı oyunlardakı uğursuzluqların səbəblərini aydınlaşdırmaq üçün dolğun fikirlərlə zəngin idi. Bununla yanaşı daha bir mütəxəssisə müraciət etməyə ehtiyac hiss etdik. Belədə millinin uğurlu startına, eləcə də o startın uğursuz davamına yeni bir baxış bucağından baxmaq imkanı əldə edəcəkdik.

Müsahib kimi seçdiyimiz Arif Əsədov da uzun müddət milli komandanın şərəfini qoruyub. Hazırda “Sabah”ın baş məşqçisi olan Əsədov karyerasını bitirdikdən sonra da ölkə futbolunun içində olduğundan milli üzvlərinin potensialına da yaxşı bələddir. Elə bu səbəbdən də komandamızın nəyə qadir olduğunu da yaxşı bilir. Onun fikrincə San Marino, Norveç və Çexiya ilə oyunlarda qazandığımız 7 xal təsadüfün yox, qanunauyğunluğun və çəkilən zəhmətin nəticəsi idi:

“Futbolda bir oyunda nəticə təsadüfən ola bilər. Amma birdən-birə ardıcıl üç oyunda təsadüf nəticəsində xal qazanmaq mümkün deyil. Deməli, qazandığımız həmin xal komandamızın üzvlərinin, məşqçilərin çəkdiyi zəhmətin nəticəsi kimi qiymətləndirilməlidir. Bunun sürpriz nəticələr olması fikri ilə də razıyam. Biz belə start gözləmirdik. Hamımız sevinmişdik, ümidlənmişdik. Eyni zamanda onu da vurğulayım ki, davamını gətirə bilməyəcəyimizi də ehtimal etmək mümkün idi. Çünki seçmə mərhələ uzun bir dövrü əhatə edir. Daim eyni tempdə çıxış etmək mümkün deyil. Rəqiblərin də səviyyəsi göz qabağındadır. Bu mənada millimizin oyununda enişin yaşanacağını da gözləmək olardı. Əvvəlki oyunlarda təlim-məşq toplanışlarının və aparıcı oyunçuların avorkuboklarda çıxış etməsinin faydası hiss edilirdi. Tempi yüksək saxlaya bilirdik. Hazırlıqlı idik. Oyun planı baxımından xeyli irəliləmişdik. Sonradan isə bəzi problemlər özünü göstərməyə başladı.

San Marino ilə ilk oyunda xeyli yaxşı oynadıq. Rəqibi öz qapısına doğru sıxmışdıq, kombinasiyalı oyun sərgiləyirdik. Həm cinahlardan, həm də mərkəzdən effektli hücumlar qururduq. Çatışmayan cəhət qol imkanlarının hamısından yararlana bilməməyimiz oldu. Sonrakı iki oyunda da uğurun davamı gəldi. Perespektiv hələ o qarşılaşmada görünürdü. 1:0 hesabı məndə bədbinlik yaratmamışdı. Məğlubiyyətsiz oyunları davam edə bilməməyimizin fərqli səbəbləri var. Heyətdəki məcburi dəyişikliklər, bəzi aparıcı oyunçuların formadan düşməsi vacib amildir. Çünki  heyətimiz o qədər geniş deyil. Aparıcı futbolçulardan kim isə sıradan çıxanda bütün komandaya təsir edir.

Şimali İrlandiya ilə səfərdəki oyundakı məğlubiyyət bizim üçün ağır fəsadlara səbəb oldu. Sanki “Niyə də yox?!” şüarının gətirdiyi ruh yüksəkliyini əlimizdən aldılar. Hamı o devizə köklənmişdi. 0:4 hesablı məğlubiyyət komandamızda heç də bütün problemlərin həll olunmadığını göstərdi. Digər tərəfdən, Britaniya futboluna qarşı hələ də çarəsiz olduğumuzu gördük. Rəqib hava topları ilə pressinq edəndə biz problemlərlə üzləşirik. Bu baxımdan Şimali İrlandiya ilə oyun “qırılma nöqtəsi” idi. Biz 3 və ya 4-cü yer üçün mübarizə apara bilərdik. Onsuz da 2-ci pillə bizim üçün əlçatmaz idi. Şansımızı da irlandlarla oyunda itirdik. Uzun müddətdir seçmə mərhələlərə qatılırıq. Əcnəbi mütəxəssislər də xeyli vaxtdır Azərbaycanda çalışırlar, onların köməyinə bel bağlayırıq. Buna görə də beşinci yox, daha yüksək yer uğrunda mübarizə aparmalı idik. Uğurlu start da ümidlərimizi artırmışdı. Təəssüf ki, sona qədər eyni tempdə çıxış etmək mümkün olmadı”.

Hər iki mütəxəssisin sözlərindən aydın olur ki, startdakı uğurlu çıxışda millinin seçmə mərhələyə yaxşı hazırlaşması, “Niyə də yox?!” şüarının gətirdiyi ruh yüksəkliyi əhəmiyyətli rol oynayıb. Şimali İrlandiya isə qrupda bizim üçün keçilməz rəqibə çevrilib, onlarla oyundakı məğlubiyyət milli üzvləri arasında ruh düşkünküyünə səbəb olub. Növbəti yazılarımızda britaniyalılarla qarşılaşmaya ətraflı toxunacaq, həm səfər, həm də evdəki oyundakı məğlubiyyətin səbəblərini mütəxəssislərlə birlikdə araşdıracağıq.

 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir