"Mançesterə qayıtdığım üçün həyəcanlıyam" - Ronaldu

"Yuventus"un futbolçusu Kriştianu Ronaldu UEFA Çempionlar Liqasının 3-cü turu çərçivəsində "Mançester Yunayted"ə qarşı keçiriləcək görüşdən öncə jurnalistlərin suallarını cavablandırıb. SportLine.az mətbuat konfransında səslənən fikirləri Britaniya mediasına istinadən diqqətinizə çatdırır:

- "Mançester Yunayted"ə qarşı oynayacaqsınız. Hansı hissləri keçirirsiniz?

- "Mançester Yunayted" böyük komandadır. Tarixi haqqında bütün məlumatlardan xəbərdaram. Karyeramın ilk böyük addımlarında burada atmışam. Bu şəhərə qayıtdığım üçün həyəcanlıyam. "Old Trafford"da möhtəşəm qələbələr qazanmışam. "Mançester Yunayted"lə kuboklar əldə etmişəm. Aleks Ferqyuson kimi dahi futbol mütəxəssisini tanımaq imkanı qazanmışam. Onunla yenidən görüşmək, xoş arzularımı bildirmək istərdim. Oyun isə çətin keçəcək. Rəqib çox güclüdür. Amma biz də meydana qələbə üçün çıxacağıq. Düşünürəm, baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirə bilsək, qalib biz olacağı.

- "Real"dan "Yuventus"a keçəndən sonra həyatında nələr dəyişdi? İtaliyaya uyğunlaşa bilmisiniz?

- Uyğunlaşma prosesim çox yaxşı gedir. "Real" və "Yuventus"u müqayisə etmək istəməzdim. Hər iki fantastik klubdur. "Mançester Yunayted" və "Real"ın ardından "Yuventus" kimi bir komandada yeni səhifə açdığıma görə xoşbəxtəm. 

- Bəzi mütəxəssislər deyirlər ki, "Real"da Ronaldunun yoxluğu hiss olunur. Sizcə, komandanın cari mövsümdə uğursuz çıxışına əsas səbəb nədir?

- "Real"ın sərgilədiyi oyuna münasibət bildirmək mənim işim deyil.

- Model Ketrin Mayorqa sizi ona təcavüz etməkdə ittihamlandırır...

- Məhkəmə prosesi davam edir. Vəkillərim bu məsələ ilə məşğuldurlar. Əminəm ki, biz qələbə qazanacağıq. Ətrafımdakı insanlar mənim meydanda və şəxsi həyatımda necə istiqanlı və alicənab olduğumu bilirlər. 4 uşağım, xoşbəxt ailəm, bir sözlə, hər şeyim var. Qalan məsələlərlə özümü yormaq istəmirəm. Bu məsələ də, tezliklə həllini tapacaq.