Millimiz Dünya Kubokunda bürünc medal qazandı

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri ötən həftə İspaniyanın Quadalaxara şəhərində baş tutmuş "Challenge” seriyasına aid Dünya Kubokunda çıxış ediblər.

SportLine.az Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, mayın 4-ü start götürən yarış üç gün davam edib. 

Ayşən Bayramova, Siyana Vasileva, Zeynəb Hümmətova, Diana Doman və Aliyə Paşayevadan ibarət qrup hərəkətləri komandasının final mərhələsində 3 top – 2 iplə çıxışları onlara bürünc medal qazandırıb.  17 komandanın iştirak etdiyi yarışda qızların çıxışı hakimlər tərəfindən 17.350 xalla dəyərləndirilib. Milli komanda bu nəticəyə görə yalnız Bolqarıstan və İtaliyadan geri qalıb.

Dünya Kuboku ilə paralel Fransanın Korbeyl-Esson şəhərində keçirilən beynəlxalq turnirdə isə ölkəmizi yeniyetmə bədii gimnastlarımız Darya Sorokina, Arzu Cəlilova və Yelizaveta Luzan təmsil ediblər. Onların arasında ən yaxşı nəticəni Cəlilova göstərib. O, gürzlər və lent ilə çıxışlarına görə finalın bir addımlığında – 4-cü yerdə qərarlaşıb.