“Neftçi” 80 ildə nə qazandı, nə itirdi?

“Ağ-qara tarix” silsiləsindən ilk yazının sonunda qeyd etmişdik ki, “Neftyanik”in – bizə doğma adıyla desək, “Neftçi”nin 80 il ərzində keçdiyi enişli - yoxuşlu tarixi yola birlikdə nəzər salacağıq. Bu 80 ildə “Neftçi”nin təbii ki, uğurları da olub, uğursuzluqları da. Azərbaycanın “xalq komandası” müxtəlif rəhbərliklər dövründə yaxşı günlərlə yanaşı böhranlı-əziyyətli günləri də arxada qoyub. Layihə çərçivəsində növbə ilə hamısına diqqət ayıracağıq. Elə isə, başlayaq...

Qısa xatırlatma

1936-cı ilin mayında SSRİ Xalq Komissarları Soveti idman komandalarının və yarışlarının təşkili ilə bağlı yeni qərar verir. Həmin qərara əsasən, xalq komitlərinin əsasında yaradılmış idman cəmiyyətləri ləğv edilir, istehsalatın ayrı-ayrı sahələrində və Həmkarlar İttifaqlarının nəzdində yeni könüllü idman cəmiyyətləri yaradılır. Ardınca isə, SSRİ-də idman yarışları yığmaların arasında yox, məhz yeni yaradılan cəmiyyətlər arasında keçirilməyə başlayır. Bu isə, yeni mərhələnin başlanğıcı idi. Təşkilatçılar bu sistemin daha uğurlu alınacağına ümid bəsləyirdilər.

Həmin prosesin təzahürü olaraq, əvvəllər “Balaxanı Futbolçular Dərnəyi” və “Tərəqqi” (“Proqres”) adı altında çıxış etmiş “Leninneft” Neftçıxarma İdarəsinin komandası “Neftyanik”in bazasına çevrilir. İdman Cəmiyyətinin ilk sədri isə həmin dövrlərdə fəal təşkilatçı kimi ad çıxaran M. Səadətxan olur. 21 mart 1937-ci ildə işıq üzü görən “Azərbaycan Bədən Tərbiyyəçisi” qəzetində komandanın heyəti belə təqdim edilir: Cəfərov, İsmayılov, Rıjov, Vıboronov, Nexoroşev, Nifontov, Abramov, Kuznetsov, Luşnikov, Mironov, Ştırlin, Makaqonov, Krasilnikov, Sidorenko. İlk rəsmi oyununda İrəvan təmsilçisi “Dinamo”nu məğlub edən “Neftyannnik” SSRİ kuboku uğrunda yarışda 1/16 final mərhələsinə qədər irəliləyə bilir. Azərbaycan təmsilçisinin kubokun finalına gedən yolunu Tbilisi “Dinamo”çuları kəsir. Qatıldığı ilk SSRİ çempionatı isə komandamız üçün daha uğursuz olur. “Q” qrupunda mübarizə aparan “xalq komandası” 12 iştirakçı arasında yalnız 11-ci our. İrəvan “Spartak”ını qabaqlamağımız isə, zəif təsəlli sayıla bilər. Keçirdiyi 11 oyunda cəmi 2 qələbə qazanmağı bacaran “Neftyanik” bir qarşılaşmadan “sülhlə” ayrılmışdı. Qalan 8 görüş “neftçilər”imiz üçün uğursuz olmuşdu. “Neftyanik” Moskva təmsilçisi “Burevestnik”i 3:1, İrəvan “Spartak”ını isə 2:1 hesabıyla məğlub etməyi bacarmış, Moskvanın digər komandası “Krılya Sovetov”la oyun isə 6 qollu heç-heçəylə yekunlaşmışdı. Həmin vaxt qələbəyə 3, heç-heçəyə 2, məğlubiyyətə görə 1 xal verildiyindən çempionatın sonunda təmsilçimizin hesabında 16 xal var idi.

“Ustaların” sırasında yer ala bilməyən “Neftyanik”

Düşünmək olardı ki, növbəti cəhddə bu uğursuzluğun əvəzi çıxılacaq. Amma yeni mövsümdən SSRİ çempionatının reqlamenti dəyişdirilir. Ölkə birinciliyi “Ustalardan ibarət nümunəvi komandaların yarışı” adı altında keçirilir və... “Neftyanik”ə həmin “ustaların yarışı”nda yer tapılmır. Azərbaycanı həmin yarışda “Temp” təmsil etdiyindən “Neftyanik” yalnız SSRİ kuboku uğrunda yarışın Bakı zonasına qatılmaqla kifayətlənməli olur. Kubokda isə, uzağa getmək mümkün olmur. 1/64 finalda komandanın qarşısını paytaxt “Lokomotiv”i kəsir. Növbəti illərdə “Neftyanik” daha çox neftçilərin respublika daxili turnirlərinə qatılır. Müharibə illəri digər sahələrdə olduğu kimi futbol sahəsində də durğunluq yaradır. Tankın-topun hay-küyü altında, Böyük Vətən Müharibəsinin ağır günlərində kimin yadına futbol düşərdi ki…? Bununla belə, 1943-cü ildən sonra Azərbaycanın futbol həyatında kiçik də olsa, canlanma yaranır. Müharibənin sonuncu ilində isə, “Neftyanik” Respublika çempionatının qalibi olur.

Müharibənin başa çatması bütün SSRİ-də ictimai-sosial həyatı canlandırdı. Bu prosesdən Azərbaycan da kənarda qala bilməzdi. Artıq növbəti il “Neftyanik” SSRİ çempionatının 2-ci Cənub yarımqrupunda çıxış etməyə başlayır. Bir il sonra isə, təkcə Azərbaycanın deyil, ümumiyyətlə, SSRİ-nin dahi futbolçularından sayılan Ələkbər Məmmədov “Neftyanik”in heyətində debüt edir. 1948-ci ildə Azərbaycan komandasının “Güclülər dəstəsi”ndə iştirakı gözlənilsə də, müxtəlif səbəblərdən, o cümlədən komandanın öz zonasında 4-cü pillədən yuxarı qalxa bilməməsinə görə bu baş tutmur. Uzun illərdən bəri gözlənilən islahatlar 1949-cu ildə keçirilməyə başlayır. Belə ki, Ümumittifaq Futbol Bölməsinin plenumunda verilən qərara əsasən 5 komanda 1-ci qrupa əlavə edilir. Bu qərarın əsas məqsədi bütün respublikaların təmsilçilərinin SSRİ çempionatının “Güclülər dəstəsi”ndə iştirakını təmin etmək idi. Həmin 5 komandanın arasında Ukraynanın “Lokomotiv və “Şaxtyor”, Riqanın “Dauqava”, Ermənistanın “Dinamo” komandaları ilə yanaşı Azərbaycan “Neftyanik”i də var idi. 

Komandamızın əsas heyətini Ələkbər Məmmədovla yanaşı Arif Qasımov, Viktor Anoşkin, Valentin Xlıstov kimi futbolçular təşkil edirdi. Komandamız “Güclülər dəstəsi”ndə ilk oyununu indiki İsmət Qayıbov adına Bakıxanov qəsəbəsi stadionunda (o vaxtlar Lenin adına stadion) Moskvanın Hərbi Hava Qüvvələrinə qarşı keçirir. Qarşılaşmanın son dəqiqələrində Anoşkinin vurduğu qol “Neftyanik”in yeni tarixinin başlanğıcı idi. Beş turdan sonra ilk pillələrdə qərarlaşan Azərbaycan komandası uğurların davamını gətiməyi bacarmır və sonda 18 iştirakçı arasında 14-cü olur.

İki il “Güclülər dəstəsi”ndə çıxış edən “Neftyanik” heç cür orda möhkəmlənə, çempionatın iddialılarından birinə çevrilməyi bacarmır. Bütün bunların məntiqi nəticəsi kimi 1951-ci ildə “Neftyanik” elitanı tərk edir və “B” sinifinin iştirakçıları sırasına qatılır. Həmin illərdə komandamızın əsas problemlərindən biri heyətdə qeyri-millətlərin üstünlük təşkil etməsi idi. Belədə, az-çox istedadı olanlar parlamağa başlayan kimi Moskvanın, yaxud da Rusiyanın digər şəhərlərinin komandalarına üz tuturdular və belədə “Neftyanik” hər şeyə “0”dan başlamalı olurdu. 51-ci ildən başlayan “B” sinifi mübarizəsi düz 8 il davam edir. Bütün bu illəri “Neftyanik” üçün itirilmiş illər saya bilərik. Məhz həmin dövrlərdə komanda möhkəmlənməyə, öz yetirmələri hesabına SSRİ-də məşhurlaşan rəqiblər arasında “boy göstərməyə” çətinlik çəkirdi. 1959-cu ildə komandanın nəticələrinin getdikcə pisləşməsi Respublika İdman Komitəsinin rəhbərlərini hərəkətə gətirir və “Neftyannik”də böyük kadr dəyişikliyi başlanır. Komandaya Konstantin Kuznetsov baş məşqçi gətirilir. Müxtəlif illərdə “Neftyanik”in heyətində parlamağı bacarmış veteranlarla yanaşı, istedadıyla seçilən yerli gənclər komandaya cəlb olunur. 



1960-cı ildə yenidən bəxt komandamızın üzünə gülür. SSRİ Futbol Federasiyasının islahatları sayəsində “Neftyanik” tarixində ikinci dəfə “A” sinfində, yəni elitada oynamaq hüququ qazanır. Növbəti ildən isə respublika rəhbərliyi “Neftyanik”i ilk pillələrdə görmək üçün işə daha ciddi yanaşmağa başlayırlar. Və həmin uğur gec də olsa, gəlir. Futbol tariximizin “qızıl səhifəsi”   1966-cı ildə yazılır. Həmin il “Neftçi” birinci və sonuncu dəfə SSRİ çempionatının mükafatçıları sırasına adını yazdırmağı bacarır.  Noyabrın 30-da Lenin adına Respublika stadionuna toplaşan 45 min tamaşaçı Moskva “Spartak”ı üzərində tarixi qələbənin şahidi olur. “Neftyanik” bürünc medalları qazanmağa əsas iddiaçı olan rəqibini Banişevskinin dublu və Markarovun 60-cı dəqiqədə vurduğu qol sayəsində 3:0 hesabıyla məğlub etməyi bacarır. Bu isə 18 komandanın mübarizə apardığı SSRİ çempionatında 3-cü pillənin, deməli, həm də bürünc medalların “Neftyanik”ə məxsus olacağının rəsmiləşməsi idi. 



Tarixi qələbə və bürünc medallar Azərbaycanda futbolun təbliğinə, inkişafına böyük töhvə versə də, böyük uğurun davamı gəlmədi. Bunun üçün yetərincə potensial olsa belə, həlledici məqamlarda Moskva klublarının bir-biriylə “pərdəarxası oyunlara” getməsi, rusiyalı hakimlərin Azərbaycan komandasına göstərdiyi qərəzli münasibət “Neftyanik”in SSRİ çempionatlarındakı yolunu kifayət qədər enişli-yoxuşlu etdi. 

50-ci illərin ortalarından etibarən azərbaycanlılar öz doğma klublarını “Neftçi” adlandırmağa başlasalar da, bunun rəsmiləşməsi yalnız 1968-ci ildə mümkün olur. Məhz bu ad dəyişmə SSRİ rəhbərliyində, xüsusən də Neft Sənayesi nazirliyində narazılıqlara, komandaya qarşı soyuqluq yaranmasına bəhanə verdi. Komandaya maliyyənin ayrılması məhz mərkəzdən gələn göstərişlə xeyli azaldıldı ki, bu da nəticələrdə özünü göstərməyə başladı. Təsadüfi deyil ki, artıq 1973-cü ildə “Neftçi” “Güclülər dəstəsi”ni tərk etdi, aşağı dəstədə mübarizə aparmağa başladı. Elitaya qayıdış bir də, 1977-ci ildə mümkün oldu. “Neftçi” 11 il sonra, 1988-ci ildə yenidən güclülərin sırasından ayrıldı. Və bir daha ora qayıda bilmədi. Çünki 1991-ci ildə SSRİ-nin varlığı kimi onun çempionatına da son qoyuldu.

Onu da xatırladaq ki, SSRİ çempionatının bürünc medallarına sahib çıxan “Neftçi” 1967, 1968, 1970 və 1971-ci illərdə kubokun yarımfinalına qədər irəliləməyi bacarsa da, final arzusunu heç cür reallaşdıra bilməyib. 

Növbəti yazılarda “Neftçi”nin “bürünc ili”nə ətraflı nəzər salacaq, müstəqillik dövründəki nailiyyətlərdən, eləcə də Azərbaycan komandasının daha böyük uğurlar qazanmasına mane olan məqamlardan söhbət açacağıq.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.