"Neftçi"nin futbolçuları Qurban Qurbanova inanırlar

Milli komandamıza dəvət alan “Neftçi”nin futbolçuları Rəhman Hacıyev,  Rəşad Əzizli və Anton Krivotsyuk bununla bağlı təəssüratlarını bölüşüblər.

SportLine.az xəbər verir ki, klubun saytına danışan futbolçular millimizin baş məşqçisi Qurban Qurbanovun etimadını doğruldacaqlarını bildiriblər:

Rəhman Hacıyev: "Uzun müddət idi milliyə çağırılmırdım. Milliyə dəvət hər futbolçu üçün böyük şərəfdir. Baş məşqçi Tərlan Əhmədov mənə inandı və klubumda daim oynamaq şansı verdi. Formamı tam bərpa etdim və özüməinamım qayıtdı. Milliyə dəvət mənim üçün böyük stimuldur. Var gücümlə çalışacam ki, etimadı doğruldub komandamıza faydalı olum. İnanıram ki, yeni baş məşqçi Qurban Qurbanovun rəhbərliyi ilə böyük uğurlar qazanacağıq”.

Rəşad Əzizli: "Milliyə dəvət aldığım üçün xoşbəxtəm. Ölkənin əsas komandasında debüt etmək şansı qazanmışam. Bu səviyyəyə çatmağımda klubumuzun, qapıçılar üzrə məşqçimiz Rauf Salamovun böyük zəhməti var. Mənə bu sevinci yaşadan insanların ümidlərini doğrultmaq üçün əlimdən gələni edəcəm”.

Anton Krivotsyuk: "Karyeramın çətin dönəmində mənə dayaq olan "Neftçi”yə minnətdaram. Bu klub olmasa, milliyə dəvət almamışdım. Futbolçu kimi yetişməyim və milli səviyyəsinəyüksəlməyim "Neftçi”də çəkilən əziyyətin bəhrəsidir. Bu yerlərə gəlməyimdə klub rəhbərliyinin və illərdir mənim üzərimdə işləyən bütün məşqçilərimizin böyük əməyi var”.