"Neymar və Messinin oyunlarından zövq alıram" - "Səbail"in legioneri

"Səbail”in legioneri Ayron Stati klubun "Facebook” səhifəsindəki "On sual” rubrikasının növbəti qonağı olub. SportLine.az müdafiaəçinin suallara verdiyi cavabları diqqətinizə çatdırır:

- Necə oldu ki, futbolçu karyerasını seçdin?

- Mən hələ uşaq vaxtlarımdan futbol oynamağa başlamışam, çünki futbolu çox sevirdim və hələ də sevirəm!

- Karyeranın əsas matçı və ya ən yaddaqalan epizodu haqqında nə deyə bilərsən?

- Karyeramda mənim üçün ən yaddaqalan iki oyunum olub: "Den Boş” üçün ilk pəşəkar oyunum və Kurasao milli komandasının tərkibindəki ilk oyunum.

- Futbolda kumirin…

- Futbol aləmində kumirim yoxdur, ancaq Neymar və Messinin oyunlarına baxmaqdan zövq alıram. Mənim üçün onlar, bu günün ən güclü oyunçularıdır.

- Hobbi və maraqların…

- Boş vaxtlarımda şəhərə çıxıb özümə geyim almaq xoşuma gəlir. Bir də "PlayStation 4”də FİFA-18 oynayıram.

- Ən sevdiyin film, musiqi və kitab…

- Ən sevdiyim filmim yoxdur, ancaq "Həbsxanadan qaçış" serialına baxmışam və xoşuma gəlib. Kitab oxumuram, buna görə də sevdiyim kitab yoxdur.

- Həyatının əsas qaydası…

- Həmişə özün olaraq qal. Bəzi insanlar sizi dəyişməyə çalışırlar, lakin özünüz olmaq həyatda ən gözəl şeydir.

- İnsanlarda ən çox nəyə dəyər verirsən?

- Səmimi və dürüst insanları xoşlayıram. Məsələn, pis oynayanda insanlar mənə pis oynadığımı deməlidirlər. Onların dürüst olmalarını istəyirəm. İkiüzlü insanları sevmirəm.

- Karyeranda əsas məqsədin nədir?

- Məqsədim necə olur-olsun, qurduğum xəyalımı yaşatmaq, ən yüksək səviyyədə oynamağa çalışmaqdır.

- Gənc futbolçulara məsləhətin nədir?

- Gənc futbolçulara məsləhətim budur: Xəyalınızla yaşayın, hər gün çalışın ki, dünənkindən daha yaxşı olasınız.

- Azarkeşlərinizə müraciətin…

- Azarkeşlərimizə həm keçmiş, həm də gələcək oyunlarda dəstəklərinə görə təşəkkür edirəm! Ümid edirəm ki, onlar bizi yaşıl meydanlarda tək qoymayacaqlar, oyunlarımıza gəlib həmişə bizə dəstək olacaqlar və qələbələrimizi birlikdə qeyd edəcəyik!