Odina Bayramova: "Avropa çempionatının favoriti Azərbaycan millisidir"

“Yüksək səviyyədə təlim-məşq toplanışımız oldu. Bu cür turnirlərin meydan sahibi olmaq böyük şərəfdir. Öz məsuliyyətimizi dərk edirik. Azərbaycanı, xalqımızı, azarkeşlərimizi məyus etməməliyik”. 

SportLine.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan milli komandasının qadın voleybolçusu Odina Bayramova Avropa çempionatı ərəfəsində təşkil edilən mətbuat konfransında deyib.

27 yaşlı hücumçu bildirib ki, Azərbaycan yığmasının da yer aldığı A qrupunda ən güclü komandanın Polşa millisi olması fikri ilə razıdır. Buna rəğmən, O.Bayramovanın fikrincə, turnirin favoriti Azərbaycandır: “Bütün komandalara qarşı mübarizə aparmaq lazımdır. Onlara və özümüzə uğurlar arzulayıram. Qrupumuzda ən güclü komandanın Polşa yığması olması fikri ilə razıyam. Turnirin bir favoritini soruşursunuzsa, bu, Azərbaycan millisidir. Finalda kimi görmək istərdim? Rusiya da ola bilər, Türkiyə də. Həmçinin İtaliya və Serbiyanı söyləyə bilərəm. Avropa çempionatına ən güclü komandalar gəlib. Onları necə fərqləndirim? Çətindir”.

Azərbaycan yığmasının “Bakı 2015” I Avropa Oyunlarında 4-cü yeri tutmasından məyus olduğunu deyən voleybolçu, bunun təkrarlanmayacağına ümid etdiyini söyləyib: “Avropa Oyunlarında 4-cü yeri tutmaq ağırıdır. Ümid edirəm ki, bu, təkrarlanmayacaq. 2015-ci ili xatırlamaq istəmirəm. Evdə oynamağımızın çətin tərəfləri var. Azarkeşləri məyus etməmək hissi gərginlik gətirir. Lakin doğma divarlar amili həm də kömək edir. Bizə yalnız məzuniyyətdən sonra bərpa olunmaq lazımdır. Komanda hazırdır. Zədə mənə çox böyük problem yaratdı. Çoxlu sayda məşq buraxdım. Hazırda komandaya kömək edəcəyimə ümid edirəm”.

Qeyd edək ki, Azərbaycan yığması Almaniya, Polşa və Macarıstan yığmaları ilə birgə A qrupunda yer alıb. Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv ilk oyununu sentyabrın 22-də Macarıstana qarşı keçirəcək. Milli Gimnastika Arenasında baş tutacaq qarşılaşma saat 18:00-da start götürəcək.