Olimpiya mükafatçısı Azərbaycan çempionu ola bilmədi

Bakı İdman Sarayında cüdo üzrə Azərbaycan çempionatına yekun vurulub. 

Sportline.az xəbər verir ki, yarışın son günündə kişi və qadınlar hərəyə 4 çəki dərəcəsi üzrə qalib və mükafatçıları müəyyənləşdiriblər. Orxan Səfərov (66 kq), Gültac Məmmədəliyeva (52 kq), Murad Fətiyev (81 kq), Diana Şoranova (63 kq), Süleyman Yaqubov (100 kq), Nuranə Muradova (78 kq), Günel Həsənli (70 kq) və Şahin Qəhrəmanov (+100 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adına layiq görülüblər. Mükafatçılara medallar, Azərbaycan Cüdo Federasiyasının diplomları, pul mükafatları təqdim olunub. Komanda hesabında ilk üç yeri tutan - "Neftçi", "Dinamo" və "Cüdo 2012" klublarının baş məşqçilərinə kuboklar, diplomlar verilib. 

Çempionat gözlənilməz nəticələrlə də yadda qalıb. Olimpiya mükafatçısı Rüstəm Orucov (81 kq) mükafatçılar sırasına düşə bilməyib. Bakıda keçirilmiş dünya çempionatının gümüş mükafatçısı Uşangi Kokauri (+100 kq) isə gümüş medalla kifayətlənib.  

Respublika çempionatının gedişini izləmək və yarışların daha peşəkar səviyyədə keçməsi üçün dəvət olunan Avropa Cüdo Birliyinin Hakimlər Komitəsinin başçısı Aleksandr Yatskeviç, qurumun komissarları Frank de Bur və Frank Oçko yarışın ən yaxşı 3 hakimini müəyyənləşdirərək onlara mükafatlar təqdim ediblər. Çempionatın sonunda bu günlərdə yubileyini qeyd edən, məşqçi, Azərbaycan Cüdo Federasiyasının Yarışların Təşkili və Keçirilməsi Komitəsinin üzvü Arzu Axundova xatirə hədiyyəsi təqdim edilib.

Qeyd edək ki, ilk yarış günündə Leyla Əliyeva (48 kq), Rəşad Yelkiyev (60 kq), Elmira Mustafayeva (57 kq), Rüfət Məmmədov (73 kq), Aytəkin Paşazadə (+78 kq) və Məmmədəli Mehdiyev (90 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adını qazanıblar. Çempionatda 56 klubdan 500-dək idmançı mübarizə aparıb.