Qadın güləşçilərimizdən 3 medal

Bakı İdman Sarayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi davam edir. SportLine.az xəbər verir ki, turnirdə 49 ölkədən dünyanın 500-ə yaxın ən güclü pəhləvanları mübarizə aparır.

İkinci yarış günündə qadın güləşi üzrə 48, 53, 55, 58, 60, 63, 69 və 75 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. 

Güləşçilərimiz yarışı 1 gümüş və 2 bürünc medalla tamamlayıb. Qadın güləşçilərimizdən Tatyana Omelçenko (60 kq) finala qədər inamla güləşib. Ancaq final görüşündə Ukrayna təmsilçisinə uduzub və gümüş medalla kifayətlənib. Bürünc medalları yığmamıza Anjela Doroqan (53 kq) və Alyona Kolesnik (55 kq) qazandırıb. Yığma komandamızın üzvlərindən Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) isə bürünc medal görüşünü uduzaraq 5-ci yerdə qərarlaşıb.  

Xatırladaq ki, ilk yarış günündə sərbəst güləşçilərimiz 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.