"Qarabağ"da itki! "Arsenal"la oyunu buraxacaq

Topaz Premyer Liqanın "Zirə" ilə 1-ci turundan təxirə salınmış oyununda zədələnən "Qarabağ"ın yarımmüdafiəçisi Donald Geryenin son durumuna aydınlıq gəlib.

Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun verdiyi məlumata görə, bu gün MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçən haitili futbolçunun bazu sümüyünün çıxdığı məlum olub. N. İbrahimov bildirib ki, 29 yaşlı oyunçu təxminən 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Bu isə o deməkdir ki, Gerye sentyabrın 29-da Topaz Premyer Liqanın 6-cı turunun "Sabah"la səfər və oktyabrın 4-də Avropa Liqasının qrup mərhələsinin 2-ci turunun "Arsenal"la ev oyununda forma geyinə bilməyəcək.

Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi "Zirə" ilə matçın 33-cü dəqiqəsində zədələnərək. yerini Ansi Aqolliyə buraxmışdı.

Qol.az