"Qarabağ"ı gözləyən təhlükə

Bu futbol mövsümü də başa çatmaq üzrədir. Ölkəmizi avrokuboklarda təmsil edəcək 4 komandadan 3-nün adı artıq məlumdur - “Qarabağ", “Kəpəz", “Qəbələ". Sonuncu vəsiqə uğurunda isə AZAL-la “Neftçi" mübarizə aparır. Yəqin razılaşarsınız ki, çempionatımızın səviyyəsi günü gündən aşağı düşür. Debütant “Zirə" ikinci pillədə qərarlaşıb, “Kəpəz" bu heyətlə Avropa Liqasına vəsiqə qazanır, pulsuz AZAL hələ də şansını saxlayır. Yəqin ki, 3-4 il əvvəlki vaxt olsaydı, bu komandalar heç ilk “beşliy"ə düşə bilməzdilər. Çünki o vaxt çempionatda “Bakı", “Xəzər Lənkəran" kimi iddialı komandalar var idi, “İnter" və “Neftçi" indikindən xeyli güclü idilər. İndiki halda isə çempionatda rəqabət yox səviyyəsindədir. Bu mənada “Qarabağ"ın işi lap asan oldu. Məhz bu rəqabətsizliyin fonunda Qurban Qurbanovun komandası iki mövsümdür ard-arda sona 4 tur qalmış çempionluğu böyük fərqlə təmin edir. Hər kəs bunu qəbul edir ki, hazırda Ağdam klubunun rəqibi yoxdur. Bəs, bu, yaxşı xüsusiyyətdirmi? Bu durum “Qarabağ"ın xeyrinədirmi? Əsla yox.

Birincisi, rəqabət olmayan yerdə hansısa inkişafdan danışmaq mümkün deyil. Əgər Ağdam klubu əksər oyunları bir ayaqla keçirsə, hətta əvəzedici futbolçuları belə, digər klubların əsas heyətlərini asanlıqla məğlub edirsə, burada hansı inkişafdan söhbət gedə bilər? Bu gün “Qarabağ"a layiqli rəqib yoxdursa, Qurban Qurbanov öz futbolçularının nöqsanlarını, zəif cəhətlərini necə görəcək? Gərək qarşındakı rəqib sənə layiq ola ki, sən də öz üzərində məsuliyyət hiss eliyib daha səylə çalışasan. “Qarabağ" futbolçularının məsuliyyətsiz olduğunu əsla demək istəmirəm. Əksinə, Qurban Qurbanov bacardığı qədər çalışır ki, futbolçuları oyunlara tam ciddi yanaşsın. Ancaq real durumu da etiraf etmək lazımdır. Bu gün “Qarabağ"ın futbolçuları görürsə ki, onlar “Rəvan"ı, AZAL-ı, “Sumqayıt"ı, “Xəzər Lənkəran"ı, “Kəpəz"i, “Zirə"ni yarı güclə çox rahat məğlub edə bilirlər,  o zaman niyə əlavə güc sərf etsinlər? Yaxud, çempionluğu təmin etmiş bir komanda “Sumqayıt" önünə hansı ciddiyət, hansı motivasiya ilə çıxsın? Bax, bütün bu rəqabətsizlik birbaşa komandanın ziyanınadır.

İkincisi, “Qarabağ" bu rəqabətsizliyin acısını Çempionlar Liqasında çəkə bilər. Rəqabətin olmadığı bir çempionatda qalib olan komanda sabah Avropada daha güclü, daha ciddi rəqiblər önündə çətinlik çəkəcək. Çünki Avropada rəqiblər daha güclüdülər. Orada çatışmayan cəhətlər daha qabarıq üzə çıxır. Azərbaycan çempionatında “Rəvan", AZAL, “Xəzər Lənkəran", “Sumqayıt" Qurban Qurbanova imkan vermir ki, həmin nöqsanları görsün. Lakin sabah Çempionlar Liqasında güclü rəqiblər önündə həmin səhvlərin fərqinə varanda gec olacaq. Onda “Qarabağ" daxili çempionatdakı rəqabətsizliyin acısını çəkəcək.

Burada Qurban Qurbanovu qınamaq da doğru deyil. Çünki çempionata güclü komandaları cəlb etmək, klublara güclü sponsorlar tapmaq onun əlində deyil. Amma fakt budur ki, hazırkı durum onun və komandasının əleyhinədir. Bu halda “Qarabağ"ı Avropada ciddi təhlükə gözləyir. Hələ biz “Qarabağ"dan danışırıq. “Kəpəz"i yaxud “Neftçi"ni, AZAL-ı gözləyən təhlükədən isə Allah özü qorusun.

Anar XANLAROV
“Het-trik news”

Anar Xanlarov