"Qəbələ" beynəlxalq turnirdə iştirak edəcək

“Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək.

SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” Macarıstanda keçiriləcək Laslo Kubalanin xatirəsinə həsr olunan turnirdə qüvvəsini sınayacaq. Macarıstanın “Vaşaş” klubunun təşkilatçılığı ilə təşkil ediləcək yarış mayın 27-28-də keçiriləcək.

Turnirdə mübarizə aparacaq 6 komanda iki qrupda münasibətlərini aydınlaşdıracaq. “Qəbələ” “Vaşaş Kubala Akademiyası” və İsveçin AİK klubları ilə eyni qrupda yer alıb. Şəhruz Mustafayevin baş məşqçisi olduğu komanda ilk oyun günündə öncə meydan sahibləri, sonra skandinaviyalılarla görüşəcək. Digər qrupda isə Slovakiyanın “Rujomberok”, Polşanın “Zaqlebiye” və Serbiyanın “Voyvodina”sı çıxış edəcək. Mayın 28-də qrup sonuncuları 5-ci, ikinciləri 3-cü yer uğrunda matça görüşəcək. Finalda isə qrup qalibləri qarşılaşacaq. 

“Qəbələ” səfərə 19 oyunçu ilə gedir: Pünhan Hacıbalayev, Yasin Əliyev, İdris İnqilablı, Taleh Hacızadə, Nicat Oruclu, Əlvan Abasov, Nemət Şixəmirov, Veysəl Rzayev, Fərid İsgəndərov, Orxan Abdullayev, Tamerlan Rizvanov, Nicat Əliyev, Xəyal Muradov, Salman Ələsgərov, Əli Mürsəlov, Samir Qurbanov, Məhəmməd Məhərrəmov, İbrahim Camalov, Xəlil Bəşirov.