"Qəbələ" Moldovada məşqə çıxdı

"Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının Çempionlar Yolunun I mərhələsinin cavab oyunu öncəsi son məşqini keçirib.

SportLine.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, artıq Moldovanın Tiraspol şəhərində olan "qırmızı-qaralar” "Şerif”lə görüşün hazırlığını yekunlaşdırıb. Emin İmaməliyevin baş məşqçisi olduğu komanda matçın keçiriləcəyi "Şerif” stadionunun kiçik arenasında məşq edib.

Oktyabrın 24-də keçiriləcək "Şerif” -  "Qəbələ” qarşılaşması da kompleksin bu meydanında baş tutacaq. Matç Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Qeyd edək ki, oktyabrın 3-də Qəbələ şəhər stadionunda keçirilmiş ilk görüşdə qalib müəyyənləşməyib – 1:1.