"Qəbələ" Moldovaya yola düşdü

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası Moldovaya yollanıb.

SportLine.az xəbər verir ki, UEFA Gənclər Liqasında mübarizə aparan “qırmızı-qaralar” Çempionlar yolunun I mərhələsinin oktyabrın 24-də keçiriləcək “Şerif”lə cavab oyunundan iki gün öncə Tiraspola çatıb. Emin İmaməliyevin baş məşqçisi olduğu komanda qarşılaşmadan bir gün əvvəl oyunöncəsi son məşqini gerçəkləşdirəcək. Hazırlıq prosesi matçın keçiriləcəyi “Şerif” stadionunun kiçik arenasında olacaq. “Qəbələ”nin məşqi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Xatırladaq ki, oktyabrın 24-də keçiriləcək “Şerif” – “Qəbələ” matçı saat 16:00-da start götürəcək. Komandalar arasında ayın 3-də Qəbələdə keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.

"Qəbələ" İK-nın məlumatı