"Qəbələ" yoldaşlıq oyunu keçirəcək

"Qəbələ” milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasındakı fasilə dövründə 3 günlük istirahətdən sonra Qəbələdə bir araya gəlib.

SportLine.az xəbər verir ki, "qırmızı-qaralar” hazırlıqlarını milli komandaların düşərgələrində olan futbolçularsız gerçəkləşdirir. Bugünkü məşq prosesi fiziki hazırlıqla başlayıb. Ardınca futbolçular meydanda toplu və topsuz çalışmalar yerinə yetiriblər. 

Sənan Qurbanovun baş məşqçisi olduğu komanda noyabrın 20-dək məşqlərini Qəbələ şəhər stadionunda reallaşdıracaq. Həmin gün Bakıya yola düşəcək komanda Topaz Premyer Liqasında XII turun hazırlıqlarına paytaxtda yekun vuracaq. 

Noyabrın 19-da isə "Qəbələ” yoxlama oyunu keçirəcək. "Qırmızı-qaralar” UEFA Gənclər Liqasında mübarizə aparan U-19 komandası ilə matçda qüvvəsini sınayacaq.

Qeyd edək ki, "Qəbələ” XII turun noyabrın 24-də keçiriləcək oyununda "Keşlə”nin qonağı olacaq.