Qış Olimpiya Oyunlarının açılış mərasimi olacaq

Bu gün Cənubi Koreyanın Pxençxan şəhərində XXIII Qış Olimpiya Oyunlarının Açılış mərasimi keçiriləcək.

SportLine.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. 

Oyunlarda Azərbaycanın nümayəndə heyətinə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə rəhbərlik edəcək. Onunla yanaşı, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, MOK-un baş katibinin müavini Azər Əliyev, Azərbaycanın şef de-missionu Anar Bağırov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov və digər şəxslər Pxençxana yollanıblar.

Açılış mərasimində bayraqdar funksiyasını Azərbaycanın yeganə təmsilçisi Patrik Braxner yerinə yetirəcək. O, dağ xizəyi idmanında slalom və böyük slalom yarışlarına qatılacaq.

"Ağ Olimpiada"da 92 ölkə təmsil olunacaq. 2902 idmançı 7 idman növündə 102 dəst medal uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, XXIII Qış Olimpiya Oyunlarının Bağlanış mərasimi fevralın 25-də keçiriləcək.