"Qomis olsaydı, nəticələr fərqli ola bilərdi" - Fatih Terim

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim UEFA Çempionlar Liqasının 6-cı turu çərçivəsində "Porto"ya qarşı keçiriləcək matçdan öncə mətbuat konfransı keçirib. SportLine.az xəbər verir ki, mütəxəssis komandanın hazırkı vəziyyətindən və əldə olunan nəticələrdən danışıb.

Terim Avropa Liqasına vəsiqə qazanacaqları təqdirdə sonadək mübarizə aparacaqlarını deyib: "Biz bir dəfə bu yarışda qalib olmuşuq. Doğrudur, həmin komanda ilə indiki arasında çox fərq var. Amma niyə də həmin uğuru təkrarlamayaq? Komandalar çox güclüdür. Təbii ki, asan olmayacaq. Amma yolumuz Avropa Liqasından keçəcəksə, çempionluq üçün əlimizdən gələni edəcəyik".

Mütəxəssis Qomisinin komandadan ayrılmasının nəticələrə təsir edib-etməməsi ilə bağlı suala, "Qomis çox yaxşı futbolçu idi. Qol duyumu yüksək idi. Bu sualı cavablandırmaq çətindir. Amma Qomis komandada olsaydı, nəticələr fərqli ola bilərdi", - deyə cavab verib.

Rəqib haqqında da fikirlərini bölüşən mütəxəssis, "Porto" yaxşı komandadır. "pley-off"a yüksəldikləri üçün təbrik edirəm. Mübarizəni davam etdirəcək komandalar dünyanın ən yaxşı komandalarıdır. Buna görə də, "Porto"nun işi asan olmayacaq. Təbii ki, "pley-off" oyunlarında həmişə qeyri-adi nəticələr olur. Rəqibə uğurlar arzu edirəm", - deyə bildirib.

Qeyd edək ki, "Qalatasaray" - "Porto" matçı sabah Bakı vaxtı ilə saat 21:55-də başlanacaq.