"Raufla partiyadan sonra media qarşısına çıxmaq istəmirdim" - Maqnus Karlsen

Şahmat üzrə dünya çempionu Maqnus Karlsen ShamkirChess 2018 superturnirində növbəti heç-heçəni rəsmiləşdirib. SportLine.az xəbər verir ki, norveçli şahmatçı qara fiqurlarla Azərbaycan təmsilçisi Teymur Rəcəbovla xalı yarı bölüb. Partiyadan sonra Maqnus Karlsen mətbuat konfransında jurnalistlərin suallarına cavab verib.

- Ötən gün mətbuat konfransına gəlməməyinizin səbəbi maraqlıdır?

- Düzünü deyim ki, çox yorğum idim. Rauf Məmmədovla partiyamız gec başa çatdı. Mətbuat konfransları çox uzun olur. Üstəlik suallar veriləndə daha gec başa çatır. Həm də nəticədən razı olmadım. Belə partiyadan sonra bəzən media qarşısına çıxmaq istəmirsən. Ötən gün mən çox yorğun idim. Dərhal növbəti rəqiblə oyuna hazırlaşmaq barədə düşünürdüm.

- Azərbaycan şahmatçısı Teymur Rəcəbovla heç-heçə ShamkirChess 2018 superturnirində ardıcıl dördüncü bərabərlik oldu. Bu sayda heç-heçəni necə izah edərsiniz...

- Heç-heçələri çox vaxt sevmirəm. Amma qaçılmaz oldu. Teymurla oyunda gedişlər təkrarlandı. Ona görə bərabərlik qeydə alındı. Növbəti turda nəhayət ilk qələbəni qazanmaq istəyirəm. Ardıcıl 4 partiyada udmamışam. Belə nəticəyə öyrəşən şahmatçı deyiləm.

- Rauf Məmmədovla heç-heçə sizi bərk əsəbləşdirdi?

- Məmmədovdan çox ikinci turdakı nəticəyə əsəbləşdim. David Navarayla oyunda üstünlük qazanmaq imkanı var idi. Bu şansı qaçırdım. Çox məyus olmuşdum. Ən çox Navarayla görüşdə heç-heçəyə təəssüflənirəm. Raufla görüşdə də qələbə qazanmaq istəyirdim. 

- IV tur arxada qaldı. Artıq Azərbaycan şahmatçılarıyla oynamısınız. Maraqlıdır ki, hamısıyla qara fiqurlarla mübarizə aparmısınız...

- Əlbəttə maraqlıdır. Hamısına qarşı qara fiqurlarla oynamışam. Çox diqqətli çıxış edirlər. Ona görə də onları məğlub etmək mümkün olmur. Şəmkirdə yerli şahmatçılar sanki toxunulmazdır. İstədiyim oyun onlara qarşı alınmır.

- Şəmkirə şəxsi aşbazınızla gəlmisiniz.Yəni burada təklif olunan yeməkləri xoşlamırsınız?

- İlk növbədə təşkilatçılığı yüksək qiymətləndirməliyəm. Artıq Şəmkirə üçüncü səfərimdir. Həmişə özümə qarşı yüksək diqqət görmüşəm. Təqdim olunan yeməklər çox dadlıdır. Sadəcə aşbazım sevdiyim yemək və içkiləri daha yaxşı tanıyır. Bəzən özəl şəkərsiz içkilər hazırlayır. Pəhriz saxlamıram. Lakin şəkərli içkiləri qəbul etmirəm. Aşbazım istədiyimi yeməyi qısa müddətdə hazırlayır. 

ShamkirChess2018 turnirinin mətbuat xidməti