Renat Dadaşov "Aytraxt"dan qovuldu

Azərbaycan millisinin üzvü Renat Dadaşov "Aytraxt"dan qovulub. SportLine.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Xəbərə förə, futbolçunun intizamsızlığı onun qovulması ilə nəticələnib. R.Dadaşov komanda yoldaşı ilə dava etdiyi üçün Frankfurt təmsilçisinin heyətindən kənarlaşdırılıb.

Klubun gənc futbolçular üzrə şöbəsinin rəhbəri Armin Kraaz artıq Renata şans verilməyəcəyini bildirib: “Onu intizamsızlıq səbəbindən komandadan kənarlaşdırdıq. Renat məşqlərə buraxılmayacaq. Yeni baş məşqçi yenidən imkan yaratmışdı. Lakin bundan artıq şans verilməyəcək”.

Klubun baş məşqçisi Niko Kovaç bu cəzadan xəbərdar olduğunu və qərarla razılaşdığını açıqlayıb. Qərara əsasən, 18 yaşlı hücumçu "Ayntraxt"ın U-19 komandasının məşqlərinə qatılmayacaq. Onunla 2020-ci ilin iyununadək müqavilə qüvvədə olduğundan, klubdan birdəfəlik kənarlaşdırılması hələlik mümkün deyil. 

Qeyd edək ki, Renat Dadaşov məşqdən sonra komanda yoldaşı ilə dalaşaraq, ona xəsarət yetirib. Ötən ay isə Renat məşq zamanı komanda yoldaşına qarşı kobud oynayaraq onu zədələmişdi.