"Rəşadı çox məsuliyyətli bir işin altına atdıq" - Qurban Qurbanov

İdman Araşdırmalar Mərkəzinin (İAM) "İlin qalibləri-2017" layihəsi çərçivəsində “İlin məşqçisi” mükafatına layiq görülən Qurban Qurbanov tədbirdən sonra media nümayəndələrinin suallarını cavablandırıb. SportLine.az Qol.az saytına istinadən xəbər verir ki, millimizin və "Qarabağ"ın baş məşqçisi  əvvəlcə təəssüratlarını bölüşüb.

- Çox sağ olun. Səsvermədə iştirak edən hər bir jurnalistə təşəkkür edirəm ki, məni bu mükafata layiq gördülər. Bu cür nominasiyalardan sonra məsuliyyətim daha da artır. Daha qüvvətli olmağa çalışıram. Qalib olan hər kəsi təbrik edirəm.

- Bu gün millinin aşağı yaş qrupları üzrə komandalarına təyinatlar rəsmiləşdi. Köməkçiləriniz nə vaxt bilinəcək?

- İndi geniş açıqlama vermək istəmirəm. Ayın 20-dən sonra mətbuat konfransı olacaq. Orada bu barədə daha ətraflı danışacağıq.

- Rəşad Sadıqov eyni zamanda 3 komandaya başçılıq edəcək. Sizcə, gənc məşqçi üçün bu qədər iş çox deyil?

- Yox, çox olmaz. Biz futbolun içindəyik. Tək bir işin arxasınca düşsək, inkişafa nail ola bilmərik. Daha çox komanda, daha çox futbolçu ilə məşğul olmalıyıq ki, şüurumuzu inkişaf etdirək. İnsanın potensialı varsa, bundan maksimum dərəcədə istifadə etməyə çalışmalıdır. Ağır olacaq. Bilirik ki, Rəşadı çox məsuliyyətli bir işin altına atdıq. Amma onu yaxşı tanıyıram. Biz ona güvənirik.

- İlk rəqib kimi niyə məhz Gürcüstanı seçdiniz?

- Hazırda milli komanda səviyyəsində rəqib tapmaq çətindir. Digər tərəfdən, Gürcüstanla federasiyalar arası dost münasibətlər var. Ona görə müəyyən danışıqlardan sonra onlarla oynamaq üçün razılığa gəldik.

- Yaxın günlərdə “Çelsi”nin düşərgəsində olacaqsınız. Bu seçimi nə ilə izah edərdiniz?

- Fərqli klublarda olub, fərqli məşqçilərlə görüşmüşəm. Mənim üçün hər bir lider məşqçi ilə görüşmək maraqlıdır. Kontenin də təcrübəsi, düşüncələri, uğurları çoxdur. Ona görə bu komandanı seçdim.