Rəşadın vurduğu qola söz ardı

Köhnə məhəlləmizdə Aydın dayı yaşayır. Xatirini çox istəyirəm. Ağsaqqal adamdır. Hər dəfə ora gedəndə ona baş çəkməyi özümə borc bilirəm. Hal-əhval tutur, qısa da olsa dərdləşirik. Nurlu çöhrəsinə hopan nisgili gizlətməyə çalışsa da, səsini titrədən qəhəri boğa bilmir hərdən. O, da qarabağlı idi... Xəbər və zaman şəkilçiləri ilə ədavətim yoxdur. Zamanı bilərəkdən qarışdırdığıma görə məni qınamaz. Onun da zamanını nə vaxtsa kəsiblər... Qarabağlıdı... “Qopardığım” dırnaqların qan daman mayasına qədər.

Yadımdadır, səhhətində ciddi narahatlıq yaranmışdı. Həkimlər həyəcanlanmağı qəti qadağan eləmişdilər. “Qarabağ” “Tvente”ni pley-ofda üstələyəndə uşaq kimi sevinir, hisslərini cilovlaya bilmirdi.

- Təbriklər, Aydın dayı!
- Ay, Tural, bu oyun bütün ağrılarımı unutdurdu. Bir torba dava-dərman heç kömək eləmirdi. İmkan olsa, uşaqlara ( “Qarabağ”ın futbolçularına – red.) təşəkkürümü çatdır.

Qarabağ yarasına ən yaxşı məlhəmdir “Qarabağ” unun üçün. Deyir- “Ağdamdakı evimiz “İmarət”in yanında idi. Oyun günlərində “stadionun nəfəsi” evimizdə duyulurdu. İndi,  hər dəfə “Qarabağ”ın oyununa baxanda tribunaların səsi məni o günlərə, o yerlərə qaytarır. Həyətimizdən eşidilən qələbəliyin səsini duyuram. Yenidən ağdamlı oluram, “Qarabağ”lı oluram".

Dünənki oyunda Rəşadın vurduğu qolun ekstazından ayılanda ilk yadıma düşən də Aydın dayı oldu.

- Necəsən, Aydın dayı?
- O qol ömrümü azı bir il də uzatdı. Rəşada, uşaqlara de, bu hissləri bizə çox görməsinlər.

Köhnə məhəlləmizdəki Aydın dayıdan minlərlədir. Onlar üçün oynamaq, sonadək vuruşmaq lazımdır, kapitan. Sənin vurduğun o qol, sadəcə “Qarabağ”a xal qazandırmadı. Sinəsində Qarabağ “dağı gəzdirən” Aydın dayıların ürəyini dağa döndərdi, ömrünü uzatdı. Hər dəfə meydana çıxanda onları düşünün, onlar üçün döyüşün, qələbə sizinlə olacaq.

P.S. Vaxtın olsa, Aydın dayıya bir baş çək.

Tural Xudiyev

Tural Xudiyev