Respublika stadionunda son vəziyyət necədir?

“UEFA Avropa Liqasının 3-cü turu çərçivəsində “Qarabağ” – PAOK oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək”. Bu sözləri SportLine.az saytına açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova deyib.

Stadionun ot örtüyünün yenilənmə prosesinin yekunlaşmaq üzrə olduğunu bildirən S.Məmmədova, “Havaların isti keçməsi ot örtüyünün yararsız hala düşməsinə səbəb olmuşdu. Stadion rəhbərliyi və “Qarabağ” Futbol Klubunun ot örtüyünün tamamilə sıradan çıxamaması üçün gördüyü qabaqlayıcı tədbirlər nəticəsini verdi. İngilis mütəxəssis Fil Şarplesin rəhbərliyi ilə meydana toxum səpildi. Onun verdiyi zəmanətə görə, bundan sonra ot örtüyündə heç bir problem olmayacaq”, - deyə bildirib.

Qeyd edək ki, UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən “Qarabağ” – “Göteborq” matçından sonra ot örtüyünün yararsız vəziyyətə düşməsi səbəbindən stadion təmirə bağlanmışdı.