Rio-2016: Daha bir medalı Cəbrayıl Həsənov qazandı

Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. SportLine.az xəbər verir ki, yarışın növbəti günündə sərbəst güləşçilər mübarizəyə başlayıblar. Bu növdəki təmsilçimiz - Cəbrayıl Həsənov ilk gündə xalça üzərinə çıxıb.

74 kq çəki dərəcəsində ölkəmizin şərəfini qoruyan idmançı ilk görüşünü 1/8 final mərhələsi çərçivəsində keçirəcək. Rəqib Kolumbiya təmsilçisi Karlos Mendez olub. İnamlı təsir bağışlayan pəhləvanımız rəqibinə heç bir şans verməyib - 10:0.

1/4 finalda rəqib gürcüstanlı Yakob Makaraşvili olub. Yenə etimadı doğruldan Cəbrayıl Həsənov yarımfinala adlayıb - 11:0. 

Finalın bir addımlığında güləşçimiz Rusiya təmsilçisi Aniuar Geduyevlə münasibətləri aydınlaşdırıb. Bu dəfə məğlub olan idmançımız qızıl medalı əldən verib.

Cəbrayıl Həsənov bürünc medal uğrunda görüşə çıxıb. Onun rəqibi özbəkistanlı Bekzod Abduraxmonov olub. Xalçanı başıuca tərk edən pəhləvanımız Azərbaycanın aktivinə daha bir bürünc medal yazdırıb.

Qeyd edək ki, Azərbaycan Olimpiya komandasının hesabında 4 gümüş və 8 bürünc medal var.