Rio Olimpiadasına 45-ci lisenziya

Azərbaycan millisi Rio Yay Olimpiya Oyunlarına növbəti lisenziyanı qazanıb. SportLine.az Apasport.az saytına istinadən xəbər verir ki, seçməmizin aktivinə 45-ci vəsiqəni triatlonçu Rostislav Pevtsov yazdırıb.

Bununla bağlı Beynəlxalq Triatlon İttifaqı (ITU) tərəfindən Azərbaycan Triatlon Federasiyasına (ATF) təsdiq məktubu göndərilib. Belə ki, ITU reqlamentinə əsasən, Yay Olimpiya Oyunlarından əvvəlki 2 il ərzində (2014-2015 və 2015-2016-cı illər mövsümü) triatlonçular dünya və Avropa çempionatları, Dünya Kuboku yarışları da daxil olmaqla iştirak etdikləri bütün turnirlərdə Olimpiadaya lisenziya xalları toplayırlar. Bu müddət ərzində bir sıra yarışlarda uğurla çıxış edən Pevtsov Olimpiadada iştirak hüququ əldə edən 52 triatlonçu sırasına düşməyi bacarıb.

Bu isə yığmamızın tarixinə ilk kimi düşüb. Çünki indiyədək Azərbaycan yığması Olimpiadada bu növdə təmsil olunmayıb.

Qeyd edək ki, Bakı-2015-in bürünc medal qazanan Pevtsovdan öncə Səbinə Mikina (qılıncoynatma, sablya), Olqa İsmayılova, Maksim Averin (hər ikisi velosiped idmanı), Maksim Şemberev (üzgüçülük), Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq), Milad Beigi Harçeqani (80 kq), Radik İsayev (hamısı taekvondo, +80 kq), Oleq Stepko, Petro Paxnyuk (hər ikisi idman gimnastikası), Marina Durunda (bədii gimnastika), Nazim Babayev (üçtəkanla tullanma), Hayle İbrahimov (5000 m), Anna Skidan (hər üçü atletika, çəkicatma), İnna Osipenko-Radomskaya (kayak, 500 m və 200 m), Valentin Demyanenko (kanoe, 200 m), Aleksandr Aleksandrov - Boris Yotov (akademik avarçəkmə, 200 m), Yuri Meqliç (kanoe-slalom), Yana Alekseyevna (60 kq), Elvin Məmişzadə (52 kq), Cavid Çələbiyev (56 kq), Albert Səlimov (60 kq), Lorenzo Sotomoyor (64 kq), Pərviz Bağırov (69 kq), Abdulqadir Abdulayev (91 kq), Məhəmmədrəsul Məcidov (hamısı boks, +91 kq), Elvin Mürsəliyev (75 kq), Sabah Şəriəti (130 kq), Rövşən Bayramov (59 kq), Rəsul Çunayev (66 kq), Saman Təhmasibi (hamısı yunan-Roma güləşi, 85 kq), Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Yuliya Ratkeviç (qadın güləşi, 58 kq), Mircəlal Həsənzadə (57 kq), Toğrul Əsgərov (65 kq), Cəbrayıl Həsənov (75 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq) və Camaləddin Məhəmmədov (sərbəst güləş, 125 kq) Olimpiadada iştirak hüququ qazanıb. Bununla yanaşı, kişilərdən ibarət ağırlıqqaldırma millimiz 4 vəsiqəyə sahib olub.