"Ronaldunun qırmızı vərəqə alması heç nəyi dəyişmədi" - Alleqri

"Ronaldusuz işimiz bir az da çətinləşdi. Amma, bu, sistemimizdə heç nəyi dəyişmədi". SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri "Yuventus"un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının ilk turunda "Valensiya"ya qarşı keçirilən görüşdən sonra deyib.

Portuqaliyalı ulduzun meydandan qovuluduğu epizodu şərh etmək istəməyən mütəxəssis, "Öz oyunumuzu oynamağa davam etdik. Ronaldu meydanda olanda da işimiz çətin idi, o, qırmızı vərəqə alandan sonra da. Çünki "Valensiya"nın meydanında oynayırdıq və azarkeşlər sonadək komandalarını dəstəklədilər. Belə təzyiq altında mübarizə aparmaq asan iş deyil, amma biz vəzifənin öhdəsindən gəldik. Yarışa qələbə ilə başlamaq çox vacib idi. Bundan sonrakı oyunlara daha rahat çıxa bilərik", - deyib.

Komandanın bütün üzvlərinə təşəkkürünü bildirən mütəxəssis, "Yuventus"da işə başlayanda əsas məqsədimiz sona qədər döyüşən kollektiv yaratmaq idi. Sevinirəm ki, bu gün istəyimizə nail olmuşuq. Oyun vaxtı problemlər yaşansa da, komanda üzvləri bunu kompensasiya etməyi bacarırlar. Həm buna görə, həm də milyonlarla "Yuventus" azarkeşini sevindirdikləri üçün futbolçulara təşəkkür edirəm", - deyə fikrini tamamlayıb.

Xatırladaq ki, "Valensiya" - "Yuventus" matçı Turin təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0. Həmin oyunun video icmalını bu linkdən izləyə bilərsiniz:

"VALENSİYA" 0:2 "YUVENTUS"