Rövnəq Abdullayev: "Bakıdakı dünya çempionatı pik yarışımız olacaq"

Bu gün Bakı Olimpiya Stadionunda (BOS) Azərbaycan Cüdo Federasiyasının (ACF) Konfransı və İcraiyyə Komitəsinin iclası keçirilib.

Sportline.az xəbər verir ki, tədbirdə iştirak edən ACF prezidenti Rövnəq Abdullayev ölkədə bütün növlərdə idmanın inkişafının pik nöqtəyə çatdığını bildirib. O, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarındakı nailiyyəti buna bariz nümunə göstərib. Mandat komissiyasının tərkibi müəyyənləşib. Konfrans yetərsay elan olunub. ACF baş katibi Elmar Babanlı bildirib ki, 2015-ci il sentyabrın 10-da keçirilmiş konfransdan sonra cüdonun inkişafında yeni mərhələ başlanıb. O, yeniyetmə, gənc, böyüklər və paralimpiya komandaları yüksək nailiyyətlər göstərib.

O, medalların illər üzrə artdığını (2015-ci ilin son 3 ayında 25, 2016-cı ildə 140, 2017-ci ildə 191 medal), "Rio-2016"da 2 gümüş medal, paracüdoçuların isə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazandıqlarını söyləyib. Baş katib "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında, Avropa və dünya çempionatlarında da tarixi nailiyyətlərə imza atdıqlarını vurğulayıb. O, ACF prezidentinin Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinə üzv seçildiyini və 2018-ci il dünya çempionatının Bakıya həvalə olunduğunu xatırladıb. Babanlı respublika üzrə seleksiya xarakterli yarışlarda 2000-dək cüdoçunun qatıldığını və kütləviliyin yüksəldiyini diqqətə çatdırıb.

Daha sonra maliyyə hesabatı dinlənilib 15 milyon manatın 11 milyon manatı sponsorlardan, 3 milyon manatı SOCAR-ın İJF ilə əməkdaşlığı nəticəsində pul və əmlak formasında daxil olub. Gəlirlərdən yığmanın toplanış və yarışlarına 5 milyon manatdan çox vəsait xərclənib. Təqribən bu qədər vəsait ölkədaxili yarışlara, 911 min manatı vitamjnləşməyə, 2 milyon 400 min manat əmək haqqı və mükafatlara, 911 min manatı yeni avadanlıqların alınmasına, 230 min manatı xaricdə seminarlara sərf olunub. Hesabatlar səsverməyə qoyularaq, qəbul olunub. Daha sonra Azər Əsgərov, ACF İcraiyyə Komitəsinə, DİN İC, MOİK, Sərhədçi, FHN, Judo Club, Qəbələ, Turan, 1 nömrəli RİOEUGİM ACF üzlüyünə qəbul olunub. Sonda çıxış edən R.Abdullayev əldə olunan nailiyyətlərə görə federasiya üzvlərinə minnətdarlığını bildirib. O, qarşıda ACF-ni vacib yarışların gözlədiyini bildirib:

"Bakldakı dünya çempionatı pik yarışımız olacaq. Biz bu yarışa saatbasaat yaxşı hazırlaşmalıyıq. Cüdo ictimaiyyətini prosesə cəlb etməli, ilk dəfə Bakıda keçiriləcək mundialda yüksək nəticə göstərməliyik. Bu, bizim vicdan borcumuz olmalıdır".