"Sabah" ukraynalı futbolçu transfer etdi

Türkiyədə təlim-məşq toplanışında olan “Sabah” daha bir futbolçunu heyətinə qatıb. SportLine.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, Vitali Kvaşuk yeni mövsümdən Premyer Liqanın debütantının formasını geyinəcək.

Ukraynalı yarımmüdafiəçi “Sabah”la münasibətləri artıq rəsmiləşdirib. 25 yaşlı oyunçu yeni komandası ilə 3 illik müqavilə bağlayıb. O, paytaxt klubunda 7 nömrəli formanı geyinəcək.

Kiyev “Dinamo”sunun yetirməsi olan Kvaşuk karyerası ərzində Ukraynanın “Metallurq 2” (Donetsk), “Zarya 2” (Luqansk), “Olimpik” (Donetsk), Belarusun “Torpedo” (Jodino), “Vitebsk” və “Neman Qrodno” klublarında çıxış edib. Onun son komandası “Neman Qrodno” olub.

Qeyd edək ki, “Sabah” buna qədər Yosip Baliç, Filip İvanoviç və Saşa Stamenkoviç kimi əcnəbi futbolçularla anlaşmışdı.