"Sabahkı matçda ən yaxşı oyunumu sərgiləməyə çalışacağam" - Ruslan Abışov

“İlin ilk oyunudu. İstəyirik ki, qələbə ilə başlayaq”. SportLine.az xəbər verir ki, bu sözləri millimizin futbolçusu Ruslan Abışov deyib.

Yığma komandamız Antalyadakı təlim-məşq toplanışı çərçivəsində yoxlama matçına çıxacaq. Komandamız Moldova millisi ilə üz-üzə gələcək.

Oyunla bağlı fikirlərini bildirən təcrübəli futbolçu qələbə qazanmaq üçün mübarizə aparacaqlarını bildirib: “Qələbə qazanmaq üçün hər şey edəcəyik. İlə qələbə ilə başlamaq istəyiriksə, sonadək yaxşı oynamalıyıq”.

- Psixoloji durumun necədi?

- Düzdü, klubla yığmanı qarışdırmaq istəməzdim. “Neftçi”nin böyükhesablı məğlubiyyəti təsadüfi nəticə idi. Sabahkı matçda ən yaxşı oyunumu sərgiləməyə çalışacağam.

- Qurban müəllim “Neftçi”nin futbolçuları ilə xüsusi söhbət edib?

- Yox, sadəcə, fiziki durumumuz barədə soruşdu. Bilirsiniz ki, ayın 27-si iki yoxlama oyunu oynamışdıq. Sırf sabahkı oyuna hazırlaşırıq.

- Moldova haqda hansı məlumatlara sahibsiniz?

- Rəqibi analiz etmişik. İnanıram ki, yaxşı çıxış edəcəyik.

- Sənin hansı mövqedə oynamağın ən çox müzakirə edilən mövzulardan biridi. Maraqlıdı, harda oynamaq sənə rahatdı?

- Əlbəttə, öz mövqeyimdə oynayacam. Futbolda həmişə mərkəz müdafiəçisi kimi oynamaq istəmişəm. Bəzən məşqçilər mövqe dəyişikliklərinə üstünlük verirlər. Sabah isə mərkəz müdafiəçisi kimi oynamaq istəyirəm.

- “İnter”də oynadığın zaman çox məhsuldar idin, qollar vururdun. Yenidən bunu yoxlamaq fikrin varmı?

- Bir müddət millidə çıxış etmədim, səbəbini də hər kəs bilir. Bundan sonra millidə daim əsas heyətdə oynamaq istəyirəm. İmkan daxilində fərqlənməyə çalışacam.

- “Neftçi”də nələr baş verir?

- “Neftçi” barədə danışmaq istəmirəm. Klubdan da danışmağa icazə vermirlər.

- “Neftçi”nin indiki vəziyyəti çempionata start verməyə hazırdımı?

- Hər şeyi zaman göstərəcək.