Güləşçimiz Olimpiadanı "bürünc"lə tamamladı

Argentinanın paytaxtı Buenos Ayresdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında güləşçimiz Şahanə Nəzərova (43 kq) mübarizəyə start verib.

SportLine.az xəbər verir ki, B qrupunda yer alan Şahanə Olimpiadaya uğurlu start verib. Nəzərova ilk görüşdə braziliyalı rəqibinə vaxtından əvvəl qalib gəlib. Nigeriyalı güləşçi də təmsilçimizə müqavimət göstərə bilməyib. Ancaq 3-cü görüşdə Şahanə son dünya çempionatının finalında uduzduğu amerikalı güləşçiylə bacarmayıb. Ruhdan düşməyən Nəzərova qrupdakı son qarşılaşmasında fransalı rəqibinə qalib gələrək B qrupunu 2-ci yerdə tamamlayıb. Bununla təmsilçimiz bürünc medal uğrunda görüşə çıxmaq imkanı qazanıb.

Nəzərovanın həlledici qarşılaşmada rəqibi Monqolustan təmsilçisi Enxzul Batbaatar olub. Rəqibinə qalib gələn idmançımız fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Qeyd edək ki, bu, Azərbaycanın aktivinə yazılan dördüncü medal olub. Daha əvvəl cüdoçu Vüqar Talıbov (66 kq) qızıl, taekvondoçu Cavad Ağayev (63 kq) bürünc, ağır atlet Tarmenxan Babayev isə gümüş medal qazanıb.