Sumqayıt cüdoçuları beynəlxalq turnirin qalibi oldu

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci beynəlxalq turnir keçirilib. Azərbaycan Cüdo Federasiyasından SportLine.az saytına verilən məlumata görə, yarış Azərbaycan Cüdo Federasiyası, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutub.

Beynəlxalq turnirdə Bakı, Sumqayıt, Naxçıvan, Bərdə, Mingəçevir, Qusar, Qubadlı, Şabran, Laçın, Qax, Siyəzən, Qəbələ, Şirvan, Ağcabədi ilə yanaşı Rusiyanın Nalçik və Dərbənd şəhərlərinin də yeniyetmə cüdoçuları mübarizə aparıblar.

38 komandadan 335 cüdoçunun qatıldığı və 2 gün davam edən çempionatın görüşlərini beynəlxalq və respublika dərəcəli hakimlər briqadası idarə edib. Yarışlardan öncə hakimlər və məşqçilər üçün seminarlar da təşkil olunub.

Oğlanlar və qızlar arasında keçirilən yarışda ümumi hesabda 4 qızıl, 2 gümüş və 5 bürünc medal qazanan “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialı komandası birinci yeri tutub.

Beynəlxalq turnirin qalib və mükafatçılarına medallar, eləcə də Azərbaycan Cüdo Federasiyası və Sumqayıt Şəhər Gənclər, İdman Baş İdarəsinin diplomları, hədiyyələri təqdim olunub.