"Sumqayıt" daha bir transferi rəsmiləşdirdi

2018/2019 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunu heyətinə cəlb edib. 

SportLine.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, son mövsümü İsrail Premyer Liqası təmsilçisi "Hapoel Ra'anana"da keçirmiş əslən azərbaycanlı olan Əli Babayevlə 2 illik müqavilə imzalanıb. Babayev "Sumqayıt"da 99 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, 1990-cı il təvəllüdlü dayaq yarımmüdafiəçisi peşəkar karyerası boyunca yalnız "Hapoel Ra'anana"nın şərəfini qoruyub. Əli Babayev İsrail təmsilçisinin heyətində meydana çıxdığı 135 oyunda 5 dəfə rəqib qapılarına yol tapıb. O, son mövsümdə isə 19 rəsmi oyunda meydana çıxıb.