Uşaq nədi, futbol nədi?

“Həqiqət Rusiyadan böyükdür". Bu fikrin müəllifi dahi yazıçı Lev Tolstoyla heç vaxt görüşməmişəm, Tula tərəflərdə yerləşən Yasnaya Polyanadakı bağında da olmamışam, böyük rus yazıçısı ilə sözün açığı, bir yerdə velosiped sürmək də qismətimə düşməyib.

Amma bütün bunlara baxmayaraq, Tolstoyun müdrikcəsinə dediyi fikirlə tam razıyam. Həqiqətin böyüklüyünə inanmaq, onu hər yerdə, hətta sənin ziyanına ola bilən məqamlarda belə müdafiə etmək lazımdı. Onun yolunda doğma qardaşınla da savaşmağa dəyər.

O gün biriləri mediada hay-küy salmağa çalışıb, ay qoymayın, Azərbaycan futbolu məhv olur, Premyer Liqamızın ancaq adı var, guya vəziyyət düzəlməsə, dünya dağılacaq. Daha nələr... Gördüyünüz kimi, dünya dağılmadı, qardaşım. Əksinə, Azərbaycanın bir az 23, bir az da 33 yaşlılardan ibarət yığma futbol komandası Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının düz finalına qədər irəlilədi və hətta finalda Oman millisini 2:1 hesabı ilə yerlə-yeksan elədi. Azərbaycanın futbol yığması qızıl medal aldı e... Siz də deyirdiniz ki, ay aman dünya dağılır, Premyer Liqamızda cəmi 7,5 komanda iştirak edir.

İndi fikir verin ki, hələ bizim yerli çempionatda 8-ə yaxın klub oynayıb, onların sayı 10-12 olsaydı, indi haralarda idik. Bəlkə də Vyetnam millisini toza basıb, Sudan yığmasını suya susuz aparıb susuz gətirmişdik. “Bakı" ilə “Xəzər Lənkəran" aradan çıxmasaydı, indi yəqin Asiya çempionu olmuşduq. Həqiqəti demək bu qədər asan. Amma biz onu deməkdən niyə çəkinirik?

Biriləri götürüb yazır ki, bizim biznesmenlər qaçır, futbola diqqət ayırmırlar. Daha belə də yox da. Qardaşım, birincisi kimin babat pul-parası var, hər gün qaçır, idman eləyir. İkincisi də niyə futbola diqqət ayırmırlar? Bəs, “Barselon"ya, “Real"a, “Çelsi"yə, “Mançester Siti"yə kim azarkeşlik edir, onların oyununa canlı baxmaq üçün uzaq ölkələrə kim uçur? Əgər bizim gül kimi Premyer Liqamıza diqqət, atalıq qayğısı yoxdursa, bir ilin içində AFFA-nın istixanasında yetişdirilən “Səbail" necə keyfiyyətli məhsul verdi? Bəlkə onu Çində istehsal ediblər, bilməmişik?

“Azərbaycanda futbolçu yetişmir" - deyə, yazmağa nə var ki? Qardaşım, bəs səndən fakt tələb edəndə nə cavab verəcəksən? Bəs, Almeyda, o ki, Haiti çempionatında top qovmur. Yazıq Almeyda Azərbaycan yığmasında oynamaq üçün AFFA-ya o qədər yalvardı-yaxardı, axırda da səsi batdı. Hələ mən Tounkaranı demirəm. Günü qara olan bu oğlanı ayda 800 dollarda da oynadırlar, yenə ölkəsinə qayıtmır, deyir

Mən ölərəm, Mali sarı dönmərəm.

Mənim ki, yaxşı yadımdadı, həmin bu Tounkara Azərbaycana gələndə bapbalaca uşaq idi, yazıb-pozmağı təzə-təzə öyrənirdi. Sonra da biriləri yazır ki, Azərbaycanda uşaq futbolu yoxdu, guya hətta artıq məhv olub. Birincisi, işin lap həqiqi tərəfinə qalsa, uşaq nədi, futbol nədi? Qardaşım, ikincisi də, bizdə uşaq futbolu ölübsə, Sinan Boyaqçı, Okan Daraqçı, Metin Papaqçı müxtəlif yaş qrupları üzrə yığmamıza haradan gəlib düşüblər?

İnsaf ya...

Və yaxud, biriləri, həftənin dörd günü nahardan sonra çay içən kimi hakimlərimizi - futbol hakimlərimizi tənqid edir. Guya onlar bütün çempionat boyu keçirilən 26 oyunda 22 kobud səhvə yol veriblər. Yox əşşiiii! Dünyanın hansı çempionatında referilər səhv etmir ki? O gün internetdə Banqladeşin VI divizionunun- həvəskar cərrahlardan ibarət liqasının bir oyununu izlədim, hakim elə bir qələt elədi ki, gəl görəsən. Bu gün mətbuatda tənqid yağdıran dostlar, qardaşlar həmin oyuna baxsalar bir də Ramil Diniyevi söyməzlər. Bir də öz aramızdı, Ramil Diniyevi söyməyə nə var ki, onu onsuz da Azərbaycan futboluna baxan azarkeşlərin 97,7 faizi söyür.

Durmadan, dayanmadan inkişaf edən Azərbaycan futbolunu tənqid etmək uşaq-muşaq işidi. Futbolumuzun inkişafını görmək istəməyənlər IV İslam Həmrəyliyi Oyunlarında U-23, qismən də U-33 yaşlılardan ibarət yığmamızın qazandığı qızıl medalı qoysunlar qarşılarına, yaxşı-yaxşı düşünsünlər. Bəlkə onda həqiqəti deməyə məcbur oldular.

Etibar CƏBRAYILOĞLU

Etibar Cəbrayıloğlu