“Uypeşt”i keçməmiş “Sevilya” haqqında düşünmək mənasızdır" - Roberto Bordin

“Yeni mövsümün başlaması münasibəti ilə çox xoşbəxtik. İlk oyun çox vacibdir. Rəqimiz çox güclü komandadır, oyuna yaxşı hazırlaşıblar. Biz də son ayı boş keçirməmişik. Oyunçularımız da ilk matç üçün hazırdır.”

SportLine.az "Report"a istinadən xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Roberto Bordin UEFA Avropa Liqasının I təsnifat mərhələsində Macarıstan “Uypeşt”inə qarşı iyulun 12-də Bakıda keçirəcəkləri ilk oyundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.

53 yaşlı italiyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Sabahkı oyun üçün start heyətini müəyyənləşdirmisiniz?

- İlk oyun hamı üçün vacibdir. Heyət haqqında onu deyə bilərəm ki, hər iki komanda 11 nəfərlə oynayacaq (gülür).

- Yoldaşlıq matçlarında əldə olunan müsbət nəticələr “Uypeşt”lə qarşılaşmada komandaya müsbət təsir edəcək, yoxsa əksinə?

- Nəticə hər zaman vacibdir. Lakin yoldaşlıq matçlarında əsas fiziki hazırlıq və futbolçuların bir-birilərini tanımalarıdır. Düzdür, qələb hər zaman qələbə gətirir.

- II təsnifat mərhələsində “Sevilya” ilə qarşılaşacağınızı nəzərə alsaq, yoldaşlıq görüşləri üçün daha güclü rəqiblərlə qüvvənizi sınamaq daha düzgün olmazdı?

- Yenə deyirəm, yoldaşlıq matçları fiziki hazırlıq üçün önəmlidir. Əsas odur ki, bütün futbolçulara şans verdik. Digər tərəfdən, “Uypeşt”i keçməmiş “Sevilya” haqqında düşünmək mənasızdır. Fiziki cəhətdən inkişaf etmişik. Lakin, bu baxımdan, 100 faiz hazır olduğumuzu demək olmaz. Bu məsələ mövsümün gedişində həllini tapacaq.

- Növbəti rəqibin “Sevilya” olması motivasiyanızı azaltmır ki?

- “Sevilya” haqqında heç nə düşünmürük. Fikrimizi “Uypeşt”lə qarşıdakı iki görüşə yönəltmişik.

- “Neftçi”dəki gənc futbolçuların potensialı sizi nə dərəcədə qane edir?

- Əcnəbi futbolçular yerlilərlə yaxşı vəhdət təşkil ediblər. İnanıram ki, gənc oyunçular da əsas komandaya inteqrasiya edəcəklər. Gənclərimizdən razıyam. Onlar təcrübəli futbolçulardan çox şeylər öyrənəcəklər. Bəzən səhv də edəcəklər.

- Kvami Karikari hazırlığa gec qoşuldu. Onu sabah əsas heyətdə görə biləcəyik?

- Karikari xarizmatik və güclü oyunçudur. Onun potensialı oynamağa imkan verir. Lakin sabah kimin oynayıb-oynamayacağını son məşqimizdən sonra biləcəyik.

- İtaliyadan özünüzlə bir köməkçi gətirdiniz. Azərbaycanlılarla işləriniz necə gedir?

- İşlədiyim çox məşqçilər var. Lakin onlardan yalnız birini dəvət etmişəm. Yerli mütəxəssislərlə çalışmaq önəmlidir. Çünki onlar yerli futbolçuları daha yaxşı tanıyırlar.