Uzun qış gecəsini xatırladan uzatma dəqiqələri

Çempionluğa əsas namizədlərin dünənki görüşündə bir mövsümə sığacaq hadisələr yaşandı. Qollar, sarı və qırmızı vərəqələr öz yerində, mübahisəli penalti, 90+8-ci dəqiqədə vurulan qələbə qolu, coşan ehtiraslar, qırmızı vərəqə alan futbolçunun komanda yoldaşları ilə qovulduğu meydanda sevinc paylaşması və təbii ki, kənar şəxslərin meydanda olduğu halda səslənən final fiti. Yəqin ki, “bu futboldur” deyib, yaşananlara göz yummağı tövsiyyə edənlər də, kirpiklərini tam sıxa bilməzlər baş verənlərə. Təəssüf ki, turun, bəlkə də, mövsümün ən prinsipial və maraqla gözlənilən görüşündə daha çox neqativ çalarlar yadda qalacaq. Görüşü izləməyənlər üçün xatırladaq ki, 64-cü dəqiqədə Ozobiçin əzmkarlıq və ustalığın vəhdətindən doğan qolu ilə irəli çıxan "Qəbələ", özündən asılı olan və olmayan səbəblərə görə üstünlüyü qoruya bilmədi. Hakim Rəhim Həsənovun penalti kimi dəyərləndirdiyi epizodla bağlı mübahisə və müzakirələr qərarı onsuz da, dəyişməyəcəkdi. Riçard Almeydanın zərbəsi isə, 86-cı dəqiqədə tablodakı rəqəmləri dəyişdi. 1-1. Əksəriyyət matçın bu hesabla da bitəcəyini gözləsə də, mübahisəli penaltini unutduracaq qələbə qolu aləmi bir-birinə vurdu. 90+8-ci dəqiqədə aldığı zərbədən nokauta düşən qonaqları da, futbol tanrısının gözlənilməz hədiyyəsindən cuşa gələn meydan sahiblərini də anlamaq olardı. Elə fərqli əhvallı rəqiblərin hərəkət və sözlərinin bir-birinin boğazından keçməməsini, nəticədə aranın qarışıb, məzhəbin itməsini də. Amma, bu görüş, özündən sonra çox cavabsız suallar da qoydu. Penalti var idimi? Uzatma dəqiqələri niyə uzun qış gecəsini xatırlatdı? Sonda göydən düşən 3 almadan qonaqlara niyə pay çatmadı? Kifayət qədər təcrübəsi olan FİFA referisinin qərarlarında qərəz axtarmağa dəyərmi? və s. Bu suallara yalnız, vicdanın gözü ilə oyun qaydalarına bir daha nəzər yetirib, cavab tapmaq olar. Hər halda, buna görə, özümüzə az da olsa, əziyyət verməyə dəyər. Çünki, tutarlı əsasdan korluq çəkən yersiz mübahisələrin də aqibəti, qola qədər saqqız kimi uzanan dəqiqələrdən fərqlənməyəcək.

Tural Xudiyev

Tural Xudiyev