"Videotəkrar sistemi olmasaydı, rəqibin haqqına girəcəkdik" - Qurban Qurbanov

"Meydanda belə bir oyunun olmağını çox istəyirdim. Çünki futbolçular belə tempə və mübarizəyə öyrəşməlidirlər". SportLine.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov Makedoniya ilə yoldaşlıq görüşündən sonra CBC Sport telekanalına açıqlamasında deyib.

Ümumilikdə, futbolçulardan razı qaldığını bildirən mütəxəssis, "Belarusla görüşdən sonra hər bir oyunçuda müəyyən gərginlik nəzərə çarpırdı. Amma bu oyunda bunu hiss etmədim. Meydanda çox yaxşı kollektiv gördüm. Makedoniya ciddi rəqibdir. Belə rəqibə qarşı göstərilən oyundan razı qaldım", - deyə bildirib.

Q.Qurbanov futbolçuların Belarusla görüşlə müqayisədə daha yaxşı təsir bağışladıqlarını da söyləyib:

"Bakıdakı oyunda topa daha çox nəzarət etsək də, təkbətək mübarizələrdə daha zəif təsir bağışlayırdıq. Bu gün isə Makedoniya futbolçuları fiziki göstəricilərdə bizi üstələsə də, mübarizələrdə bizim komandanın üzvləri daha yaxşı idilər".

Mütəxəssis təlim-məşq toplanışı haqqında da danışıb:

"Təlim-məşq toplanışı çərçivəsində futbolçularla çox görüşlərimiz olub. Bu gün bunun bəhrəsini meydanda gördüm. Futbolçular istədiklərimi meydanda etməyə çalışırdılar. Fiziki cəhətdən də sonadək tab gətirdilər".

Hakimin videotəkrar sisteminin köməyi ilə qapımıza penalti təyin etməsi məsələsinə də toxunan Q.Qurbanov, "Ədalətli qərar idi. VAR sistemi olmasaydı, rəqibin haqqına girəcəkdik", - deyib.

Qeyd edək ki, Azərbaycan - Makedoniya görüşü 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.