Yeni Poltava döyüşünün qəhrəmanları

Hafizələrdə qanlı-qadalı günlərlə yaşayan şəhər...

Sakinlərinin təbirincə desək, listopada – Azərbaycan dilinə tərcümədə yarpaq tökümü adlandırılan noyabr ayına təsadüf elədi səfərimiz. Bəlkə də bu, təsadüfi deyildi. Qızılı payız günlərini yaşayan Poltavanın özü də, tarixin saralmış yarpağını xatırladırdı solğun görkəmi ilə.

Uzaqdan Tanrının səxavətindən kam almış bəxtəvər təsiri bağışlasa da, taleyinə ağır günlər yazılmış qədim şəhər, sonuncu dəfə ruhuna nə vaxt sığal çəkildiyini sanki özü də xatırlamırdı. Yamaq çəkilmiş yolları, suvağı tökülmüş binaları, solğun küçələri kimi.

Şəhərin həyatında da, sanki bir natamamlıq hökm sürürdü. Sınıq-salxaq trolleybus və avtobusların fonunda, rastlaşdığın bahalı avtomobillər kimi, nimdaşa bürünmüş kütlə arasında dəblə geyinmiş şəhər sakinlərinə də az rast gəlinirdi. Keçmiş SSRİ-nin, ötən əsrin 80, 90-cı illərini xatırladan tipik əyalət şəhərində addımladığını hər tində, hər dalanda hiss eləyə bilərdin.

Bütün bunlara rəğmən şəhərin aurasında qəribə bir əzəmət, döyüş ruhu duyulurdu.  Təbii ki bu, həmin duyumu formalaşdıran şüuraltı hissiyyatla birbaşa əlaqəli idi. Torpağı qanla suvarılan bu qoca şəhərin taleyinə, 18-ci əsrin əvvəllərində az qala Avropanın düzənini dəyişən məşhur Rusiya - İsveç qovğasının da, İkinci Dünya Müharibəsinin həlledici döyüşlərindən birinin də canlı şahidi olmaq yazılmışdı.

Və adi günlərindən birini yaşayan Poltava daha bir döyüşün astanasında idi.  Şəhərin keşiyini çəkən Vorskla çayının adını daşıyan yerli komanda ilə, Azərbaycanın Avropadakı həqiqət carçısı “Qarabağ” kimin güclü olduğunu aydınlaşdıracaqdı. Bakıda aldığı gözlənilməz zərbənin cavabını vermək üçün Poltavaya gələn “atlılar”ın özünü yalqız hiss etməyəcəyi əvvəlcədən məlum idi. Hər halda, oyun ərəfəsində Ukraynadakı səfirliyimizdən gələn nikbin mesajlar major notlara kökləyirdi.

Beynəlxalq reysləri az qala möcüzə kimi qəbul edən kiçik Poltava aeroportundan ilk təəssüratlar, böyük elçiliyimizin uğurundan xəbər verirdi. 3 xal üçün gəldiyimiz qapıdan, əliboş dönməyəcəyimizə inanırdıq. Səfirliyin mətbuat katibi Xəyyam Həqiqətoğlunun istiqanlı xoşgəldinini də, komandanın pişvazına çıxan soydaşlarımızın “Qarabağ” sevgisini də görməyə, duymağa dəyərdi.

Ukraynaya ilk səfərim olmadığından, bu mənzərə, açıq küçə ticarəti ilə güzaranını qurmağa çalışan poltavalılar arasında, soydaşlarımızla rastlaşmaq qədər təəccüblü deyildi.

Yolun kənarına düzdükləri qoz kisələrini çıx-daş eləməyə çalışan ağdaşlıları deyirəm.

Uzun illərdir Poltavada yaşayan əmioğlularla qısa ünsiyyətdən sonra, Vorskla stadionunda “Qarabağ” sədalarının əksik olmayacağına bir daha inam yarandı.

Nahaq da deyilmiş. Oyun saatına bir qədər qalmış tribunalarda yerini tutanlar arasında xeyli azərbaycanlını görmək qürur verirdi. Ukraynadakı səfirimiz Azər Xudiyev başda olmaqla, təxminən 300-ə yaxın həmyerlimiz “Qarabağ”ı dəstəkləmək üçün “Vosrkla” stadionunda idi.

Yeri gəlmişkən, səfər boyu yüksək təşkilatçılığı ilə seçilən “Qarabağ” klubu, bayraq günü ilə bağlı da xüsusi aksiya hazırlamışdı. 9 noyabra dəqiqələr qalmış meydana çıxan ölkə çempionumuzu ölkə bayrağına bürünmüş soydaşlarımız qarşıladılar.

Avrokuboklarda 99-cu oyununu keçirən Rəşad Sadıqovun meydana çıxardığı komanda da, bu xoş mənzərəyə öz imzasını atdı -1:0. Gözlənildiyi kimi gərgin və maraqlı mübarizəyə səhnə olan görüşün nəticəsi, Qurban Qurbanovun komandasından, özəl günümüzə özünəməxsus hədiyyə oldu. Qələbəyə ağız büzənlər üçün sadə bir məntiq: Son illər  Avropa səhnəsində bayrağımızı şərəflə dalğalandıran “Qarabağ”ın "Poltava döyüşü"ndəki uğuru, bayraq gününü qeyd edən Azərbaycana yaşatdığı sevinclə əhəmiyyətli idi.

Bakıdakı qələbənin təsadüfi olduğunu həzm edən “Vorskla”dan fərqli, ağır döyüşdən məğlub ayrılan başı dumanlı Poltavanın “üzü yaman tutulmuşdu”.

Qəhərdən boğulan şəhər, qonaqları rahat yola salmaq niyyətində deyildi. Əlverişsiz hava şəraiti ilə əlaqədar, səhəri gözləməli idik. Nə yaxşı ki, gecənin yarısında, yenidən hamını yerbəyer eləməli “Qarabağ” rəsmiləri, problemi operativ şəkildə geridə qoydular.  

Ertəsi, biz gözümüzün acısını alana kimi, özünü ovudan Poltavanın eyni yavaş-yavaş açılacaq, qisas hissi soyuyacaq və göyərtəsində yeni “Poltava döyüşü”nün qəhrəmanlarını daşıyan hava gəmisi, çoxlarının enişə ürək etmədiyi kiçik şəhər aeroportu ilə başı uca vidalaşacaqdı. Daha bir uğurlu səfərdə zəfərə imza atan “Qarabağ” kimi..

Tural Xudiyev
Bakı – Poltava – Bakı.

Tural Xudiyev