"Yoldaşlıq oyunlarında müəyyən rotasiyalar aparacağıq" - Qurban Qurbanov

Azərbaycan milli komandasının və "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov AFFA Gənclər Liqasının qaliblərinin mükafatlandırma mərasimindən sonra brifinq keçirib. SportLine.az Sportnet.az saytına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib...

- "Qəbələ"ni və rəhbərliyini çempionluq münasibətilə təbrik edirəm. Ötən il də bu iki komanda gərgin mübarizə getmişdi. Çox istəkli, həyəcanlı idilər. Belə yaşda çempionluq sevinci yaşamaq onların inkişafları üçün çox önəmlidir. Hər iki komandaya uğurlar arzulayıram.  

- Fasilə zamanı "Qarabağ"ın paltardəyişmə otağına keçdiniz?

- Xeyr. 

- "Qarabağ"ın heyətində oğlunuz Musa Qurbanlı sona 15 dəqiqə qalmış meydana çıxdı. Həmin an bir valideyn kimi hansı hissləri keçirdiniz və oğlunuzun oyununu necə dəyərləndirərdiniz?

- Belə həlledici görüşlərdə futbolçular həyəcanlı olurlar. Musanın hələ 16 yaşı var. Onun oyunu barədə fikir bildirməyim düzgün çıxmaz. Özümə gəldikdə, məşqçi kimi kənarda durmaq daha rahat idi, nəinki yuxarıda durub azarkeşlik etmək. Belə bir hiss keçirdim. 

- Milli komandaya yeni oyunçuların cəlb olunması nəzərdə tutulub?

- Hələ qarşıda 3 tur var. Adlar həmişə var, nəzarətdə olan oyunçular çoxdur. Son 3 turun görüşlərinə də baxdıqdan sonra qərar verəcəyik. Əvvəllər də bildirmişəm ki, hər bir toplanışda yeni simanın olması mümkündür. Digər tərəfdən, futbolçunun milliyə bir dəfə çağırılması onun daim komandada olacağı anlamına gəlməməlidir. Yoldaşlıq oyunlarında müəyyən rotasiyalar aparacağıq. Mövsümün sonunadək oyunları izlədikdən sonra qərarımızı verəcəyik.  

- Heyəti açıqlamaq üçün də son turu gözləyəcəksiniz?

- Xeyr, ola bilər bir az tez - sona bir tur qalmış açıqlayaq.

- Ufuk Budakın qarşıdakı yoldaşlıq görüşlərinə çağırılması mümkündür?

- Gəlmə ehtimalı var. 

- Azərbaycan Kubokunun finalçıları "Qəbələ" və "Keşlə"dən Qırğızıstanla qarşılaşmaya alınmasa belə, Qazaxıstanla Latviyaya qarşı yoldaşlıq görüşlərinizə oyunçu çağıracaqsınız?

- Bəli. Ola bilər ki, final matçından sonra yığmaya dəvətli futbolçuların sayını artıraq. 

- UEFA Millətlər Liqası üçün optimal heyəti nə vaxt müəyyənləşdirəcəksiniz?

- Təəssüf ki, milli komanda üçün optimal heyəti formalaşdırmaq bir qədər çətindir. Buna baxmayaraq, hər bir baş məşqçinin fikrində və düşüncəsində müəyyən heyət olur. Onun ətrafında isə oyundan-oyuna kiçik dəyişikliklər aparılır. Çox istərdim ki, optimal heyətimiz olsun. Düşünürəm ki, qarşıdakı 3 yoldaşlıq oyunu 100 faiz olmasa da, buna yaxın bir heyət formalaşdırmağa şərait yaradacaq. 

- "Qəbələ"nin qapıçısı Dmitri Bezotosnının milliləşdirilmə məsələsi nə dərəcədə ciddi və realdır?

- Açığı, məndə belə bir fikir olmayıb. 

- Rəşad Sadıqov "Qarabağ"ın U-19 komandasında missiyasını başa çatdırırmı?

- Bu barədə mövsümün bitimindən sonra ətraflı danışacağıq. 

- Xama Billiatın "Qarabağ"a keçidi məsələsi nə yerdədir?

- Dəfələrlə demişəm ki, müəyyən qrup futbolçularla ilboyu maraqlanırıq. Lakin bu, onların komandamızda mütləq olacaqları anlamına gəlmir. Bəzən bizdən asılı olmayan nüanslar olur. Lakin bu gün belə bir qərar verilməyib ki, Billiat mütləq "Qarabağ"da olacaq.