Ağayar Axundzadə: “İlk dəfədir, yarışlar belə yüksək səviyyədə keçirilir”

Bu gün Bakı İdman Sarayında cüdo üzrə Azərbaycan çempionatına start verilib. Azərbaycan Cüdo Federasiyasının Yarışların Təşkili və Keçirilməsi Komitəsinin sədri, əməkdar məşqçi Ağayar Axundzadə yarışla bağlı fikirlərini SportLine.az saytı ilə bölüşüb.

- Bu dəfəki yarış əvvəlkilərdən nə ilə fərqlənir?

- Avropa Oyunlarından sonra Bakı İdman Sarayı təmir olunub. Əla şərait yaradılıb. İlk dəfədir, yarışları podiumda keçiririk. Yaradılan şərait ölkəmizdə cüdonun inkişafına töhfədir.

- Çempionatda nə qədər idmançı iştirak edir?

- 400-ə yaxın iştirakçı var. Onlardan 40-a yaxını qadın idmançıdır. Ümumilikdə, 40 klubdan cüdoçular qalib adı uğrunda yarışırlar. Federasiyanın yeni rəhbərliyinin təşəbbüsü ilə ölkənin əksər bölgələrindən idmançıların iştirakı təmin olunub. Onların xərcləri federasiya tərəfindən qarşılanıb.

- Seçmə komandanın üzvlərinin bu çempionatda çıxışını görə biləcəyik?

- Komandamız dünən Monqolustanda təşkil olunan təlim-məşq toplanışından qayıdıb. Seçmənin üzvlərindən bəziləri yarışda iştirak edəcəklər. Bu da çempionatın daha maraqlı keçməsinə şərait yaradacaq.

- Yarışın təşkilində əsas məqsəd nədir?

- Gələn il bizi bir sıra mötəbər yarışlar gözləyir. Əsas məqsədimiz, həmin yarışlar üçün seçmə komandanı formalaşdırmaqdır. Buna görə, çempionatı ilin sonuna yaxın keçiririk.