Aydan Höccətova: “Hou Yifanla qarşılaşmaq istərdim”

Qadın şahmatçılardan ibarət əsas komandamızın üzvü Aydan Höccətovanın SportLine.az saytına müsahibəsi.

- Azərbaycan ən mötəbər yarışlardan birinə - Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edir. Yarışın əhəmiyyətini necə dəyərləndirirsiniz?

- Olimpiada şahmat idman növündə ən mötəbər yarışlardan hesab olunur. Sevindirici haldır ki, Azərbaycan belə bir yarışa ev sahibliyi edir. Sözsüz, belə bir yarışın keçirilməsi ölkəmizdə şahmatın məşhurlaşması və inkişafı üçün böyük əhəmiyyətə malikdir.

Yarış yüksək səviyyədə təşkil olunub. Doğma divarlar arasında çıxış etmək bizim üçün əlavə üstünlükdür. Şahmatsevərlərin marağı böyükdür. Hər gün gəlib bizim çıxışlarımıza baxırlar, bizə dəstək olurlar. Bu da bizim üçün əlavə stimuldur.

Olimpiadaya dövlət səviyyəsində də böyük diqqət göstərilir. Açılış mərasimindən öncə prezident İlham Əliyevlə görüşümüz oldu. Həmin görüşdə cənab prezident bizə öz tövsiyyələrini verdi və uğurlar arzuladı. Belə bir görüş bizdə əlavə ruh yüksəkliyi yaratdı.

Ölkəmizdə şahmata yüksək dövlət qayğısı göstərilir. Prezident İlham Əliyevin və onun ailə üzvlərinin yarış zalına gələrək bizə uğurlar arzulaması bir daha şahmata olan böyük diqqətdən xəbər verir. İnanıram ki, biz də sonda etimadı doğruldacağıq.

- Komandalarımız yarışa uğurlu start veriblər. Həm kişilərdən, həm də qadınlardan ibarət əsas komandalarımız qələbələri sıralamaqdadır. Uğurlu çıxışı sonadək davam etdirmək mümkün olacaq?

- Həm kişi, həm də qadınlardan ibarət komandalarımızın Olimpiadaya qələbələrlə start verməyi sevindiricidir. İndiyədək qarşılaşdığımız komandalardan Polşa da kifayət qədər ciddi rəqib idi. Artıq vacib oyunlarımız başlayıb. İndidən nəsə demək çətindir. Hələ qarşıda çox oyun var. Ancaq komandalarımıza inanıram. Güclü heyətlərə sahibik. Ümid edirəm ki, nəticələr istədiyimiz kimi olacaq.

- Təşkilatçı ölkə kimi, həm kişilərin, həm də qadınların mübarizəsində üç komanda ilə təmil olunuruq. Əsas və ikinci komandaların heyətləri kifayət qədər güclüdür və onların qarşısına müəyyən tələblər qoyulub. Üçüncü komandalar isə 16 yaşadək şahmatçılardan təşkil edilib. Sizcə, bu yarış onların karyerasında nə kimi əhəmiyyətə malikdir?

- Düşünürəm ki, bu yarış onlar üçün bir məktəbdir. Olimpiada onların gələcək karyerası üçün böyük bir addım ola bilər. Təbii ki, onların qarşısına  tələblər qoymaq düzgün olmazdı. Sadəcə, öz oyunlarını oynamalıdırlar. Bu yarış onların təcrübə qazanması və oyun səviyyələrini artırması üçün böyük bir imkandır. Həm kişilərin, həm də qadınların üçüncü komandasında kifayət qədər potensiallı şahmatçılar var.

- Şahmatda əsas məqsədiniz, çatmaq istədiyiniz zirvə hansıdır?

- İlk məqsədim, hazırda davam edən Şahmat Olimpiadasında uğurla çıxış etmək və yer tutmaqdır. Çünki, bu, karyeramın ən böyük yarışıdır. İlk dəfədir, seçmə komandanın heyətində çıxış edirəm və təbii ki, mənə bəslənən ümidləri doğrultmaq üçün çalışıram.

- Hansı şahmatçıya rəqib olmaq istərdiniz?
 
- Dünya çempionu, çinli şahmatçı Hou Yifanla qarşılaşmaq istərdim. Təəssüf ki, bu yarışda belə bir imkanım olmayacaq. Çünki, o, öz komandasının birinci taxtasında oynayır. Ümid edirəm, gələcəkdə əlimə belə bir fürsət düşəcək.

Vüsal Məmmədzadə
Qambit | SportLine.az
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir