“Neftçi”nin “bürünc ili”: Futbol tariximizin şanlı səhifəsi

Böyük Vətən Müharibəsinin bitməsi alman faşizmi üzərində möhtəşəm qələbə çalan SSRİ üçün yeni mərhələnin başlanğıcı idi. 1945-ci ilin 9 mayından sonra dəhşətli müharibənin fəsadları uzun müddət Azərbaycan da daxil olmaqla, bütün müttəfiq respublikaları ağuşuna almışdı. Sadə camaat 50-ci illərin ortalarına qədər aclıqdan, yoxsulluqdan əziyyət çəkirdi. Müharibənin vurduğu ziyanlar özünü bütün sahələrdə göstərirdi. Tədricən, bu çətinliklər öz yerini dirçəliş işartılarına verməyə başladı. Sözsüz ki, bu dirçəliş idmandan və onu şahı sayılan futboldan da yan keçmirdi. SSRİ ərazisində bütün idman növləri üzrə müxtəlif birinciliklər, çempionatlar təşkil olunurdu. Həmin yarışlardakı göstəricilər isə, hər bir respublika üçün xüsusi əhəmiyyət daşıyırdı. “Kim daha yaxşıdır?”, “kim daha güclüdür?”, “kim daha bacarıqlıdır?”, “kim daha çalışqandır?” tipli suallar təkcə zavod və fabriklərdə, pambıq və üzüm sahələrində yox, idman zallarında, futbol meydanlarında prioritet idi. Bu göstəricilər eyni zamanda respublikaların rəhbər şəxsləri üçün prinsipial əhəmiyyət daşıyırdı. Elə bu səbəbdən də, 50-ci illərin sonlarına doğru Azərbaycanda da “Neftçi”nin SSRİ birinciliyində çıxışına, ittifaq arenasında respublikanı daha yaxşı təmsil etməsinə yüksək səviyyədə diqqət göstərilməyə başlanıldı.

Qısa xatırlatma

1960-cı ildə yenidən bəxt komandamızın üzünə güldü. SSRİ Futbol Federasiyasının islahatları sayəsində “Neftyanik” tarixində ikinci dəfə “A” sinfində, yəni elitada oynamaq hüququ qazandı. Növbəti ildən isə respublika rəhbərliyi “Neftyanik”i ilk pillələrdə görmək üçün işə daha ciddi yanaşdı. Və gözlənilən uğur gec də olsa, gəldi – 1966-cı ildə! Həmin il “Neftçi” birinci və sonuncu dəfə SSRİ çempionatının mükafatçıları sırasına adını yazdırmağı bacardı. Noyabrın 30-da Lenin adına Respublika stadionuna toplaşan 45 min tamaşaçı Moskva “Spartak”ı üzərində tarixi qələbənin şahidi oldu. “Neftyanik” bürünc medalları qazanmağa əsas iddiaçı olan rəqibini Banişevskinin dublu və Markarovun 60-cı dəqiqədə vurduğu qol sayəsində 3:0 hesabıyla məğlub etməyi bacardı. Bu isə, SSRİ çempionatında 3-cü pillənin, deməli, həm də bürünc medalların “Neftyanik”ə məxsus olacağının rəsmiləşməsi idi. 

Qızıl qədər dəyərli “bürünc” necə qazanıldı?

1965-ci ildə “Neftyanik” 27-ci SSRİ çempionatına ciddi hazırlaşırdı. Düzdür, mövsümün sonunda "Bakı neftçiləri" 17 komanda arasında 11-ci oldular. Amma heyətində Sergey Kramarenko, Vladimir Bruxti, Kazbek Tuayev, Anatoli Banişevski, Eduard Markarov kimi usta futbolçular olan komanda hər kəs üçün çətin rəqib sayılırdı. Həmin il komandanın rəisi Ələkbər Məmmədov idi. O həm də avqust ayına qədər baş məşqçi vəzifəsini də yerinə yetirmiş, daha sonra yerini Vasili Sokolova vermişdi. 

SSRİ yığmasının heyətində də adından söz etdirən Banişevski 27-ci çempionatda rəqib qapılarına 8 top vurmağı bacarmışdı. Markarovun hesabında 10 qol var idisə, Tuayev 4 dəfə qapı torunu silkələmişdi. Çempionata inamla başlayan “Neftyanik” sonradan qeyri-sabit çıxış edir və mükafatçılar sırasından xeyli aralı düşür. Amma bu uğursuzluq növbəti mövsümdə unutdurulur.

1966-cı ilin aprelin 10-da 19 komandanın iştirakı ilə 28-ci SSRİ çempionatı başlayır. Avqust ayına qədər komandanın rəisi və baş məşqçisi vəzifəsini tutan Vasili Sokolov postundan ayrılmağa məcbur olur. Ondan sonra baş məşqçi vəzifəsini Əhməd Ələsgərov üzərinə götürür, rəis isə, hazırda adı Qusar şəhərindəki stadionda əbədiləşdirilən Şövkət Orduxanov təyin edilir. “Bürünc” “Neftçi”nin formasını həmin mövsüm bu futbolçular geyinirdi: Sergey Kramarenko, Vyaçeslav Şexov, Zahid Hüseynov, Vladimir Bruxti, Yaşar Babayev, Adil Babayev, Ravil Cəlilov, Arif Rzayev, Aleksandr Trofimov, Anatoli Qryazev, Nikolay Boqdanov, Nizami Salahov, Valeri Fedortsov, Yuri Stekolnikov, Kazbek Tuayev, Valeri Hacıyev, Eduard Markarov, Mübariz Zeynalov, Sergey Melkumov, Yuri Melkumov, Anatoli Banişevski, Anatoli Oqerçuk, Nadir Eynullayev, Vyaçeslav Lyoqki.

İlk 8 turu məğlubiyyətsiz başa vuran “Neftyanik” bu göstəriciyə görə 4 komandadan biri idi. Lakin Leninqrad, Daşkənd, Alma-ata, Tbilisi və İrəvandan xalsız dönən komanda turnir cədvəlində vəziyyətini xeyli pisləşdirir. Bundan sonra Sokolova inam da tükənir və 16-cı turdan sonra onu köməkçisi Əhməd Ələsgərov əvəzləyir. Birinci dövrəni 7-ci pillədə bitirən “Neftyanik” fasilədən sonra özünə gəlməyi, itirilən xalların əvəzini çıxmağı bacarır. Və həmin tarixi gün “Neftyanik” “Spartak” üzərində 3:0 hesablı qələbə qazanmaqla bürünc medallara sahib çıxır. 1966-cı ilin noyabr ayının 30-da keçirilən qarşılaşmanın 18 və 21-ci dəqiqələrində Banişevski, 60-cı dəqiqəsində isə Markarov Moskva klubunu məyus edir. Məşqçilər korpusu bu qarşılaşmada Kramarenko, Boqdanov, Bruxti, Babayev, Trofimov, Semiqlazov, Tuayev, Qryazev, Banişevski, Markarov və Hacıyevdən ibarət heyəti meydana buraxmışdı. Bu yaxınlarda haqq dünyasına qovuşan Mübariz Zeynalov isə son 14 dəqiqədə Qryazevin əvəzinə meydanda olmuşdu. Mövsüm ərzində “Neftyanik”in rəqib qapılarına vurduğu qolların 14-də Tuayevin imzası var idi. Tez-tez SSRİ yığmasının heyətinə çağrılan Markarovla Banişevski isə hərəyə 12 qolun müəllifi idilər. 

Qaydalara görə “Neftyanik”in mövsüm ərzində keçirdiyi oyunların yarıdan çoxunda iştirak edən 12 futbolçuya bürünc medallar verilir. Təntənəli təqdimetmə mərasimində SSRİ Futbol Federasiyasının rəhbərliyi də iştirak edir. Medal alan xoşbəxtlər isə bunlar idi: Semiqlazov, Bruxti, Kramarenko, Tuayev, Hacıyev, Trofimov, Markarov, Qryazev, Boqdanov, Babayev, Zeynalov. Banişevski cəmi 14 oyunda iştirak etməsinə baxmayaraq, istisna hal kimi ona da medal təqdim olunur. Eyni zamanda həmin ili Banişevskiylə yanaşı Tuayev də SSRİ-nin “33 ən yaxşı futbolçusu” siyahısına adını yazdırmağı bacarır. 

Mükafatın əyarı daha yüksək ola bilərdimi?
Yada düşər xatirələr...

Təəssüflər olsun ki, adlarını futbolumuzun tarixinə əbədi həkk edən futbolçuların böyük əksəriyyəti dünyasını dəyişib. Bu səbəbdən də, 51 il bundan əvvəlin xatirələrini bilavasitə o hissləri yaşayanların dilindən eşitmək mümkün olmur. Hazırda AFFA İcraiyyə Komitəsinin üzvü olan Kazbek Tuayevlə əlaqə yaratmaq istəyimiz isə bizdən asılı olmayan səbəblərdən reallaşmadı. Növbəti yazılarımızın birində mütləq onun xatirələrini sizə çatdıracağıq. 

Həmin vaxt Gəncənin “Dinamo” komandasında oynayan, 1962-ci ilə qədər isə, “Neftyanik”in şərəfini və qapısını qorumuş Çingiz İsmayılov isə xatirilərini bizimlə böyük həvəslə bölüşdü:

“Mən “Neftçi”yə 1955-ci ildə küçə futbolundan gəlmişdim. Oradan müəyyən səbəblərə görə 1962-ci ildə ayrıldım. Bir müddət Bakı “Dinamo”sunda, daha sonra isə, o vaxt Kirovabad adlanan Gəncənin “Dinamo” komandasında çıxış etdim. Buna baxmayaraq, “Neftyanik”in çıxışını, nəticələrini daim diqqətlə izləmişəm. 1960-cı ilə qədər bizim komandamız öz gücünə elitaya vəsiqə qazana bilməyib. Bir-neçə dəfə buna yaxın olsaq da, sonda nəsə bizə mane olub. Daim güzəştə ümid etmişik. Həmin il qərar qəbul edildi ki, bütün respublikaların təmsilçilərinə şans verilsin. 22 komanda iki yarımqrupda yarışacaqdı. Yeni qəbul edilmiş komandalara iki il güzəşt olunacaqdı, onlar sonuncu yeri tutsalar belə elitanı tərk etməyəcəkdi. 1960, 61 və 62-ci illərdə mən də “Neftyanik”də çıxış etmişəm. Güclülər dəstəsində oynayacağımız dəqiqləşən kimi Moskvadan Ələkbər Məmmədov Bakıya qayıtdı, “Neftyanik”də oynamağa başladı. Rəhbərlik qarşısına təcrübəlilərlə gənclərin sintezindən yeni komanda yaratmağı məqsəd kimi qoymuşdu. Yuri Kuznetsov da Moskvadan gəldi. Gürcüstandan da iki futbolçu dəvət edildi. Mükafat qazanmaq məqsədi və həvəsi xeyli ciddi idi. Komandanı Leytenant Şmidt adına zavodun nəzarətinə verdilər. Futbolçular da rəsmi formada əmək kitabçasında təlimatçı kimi qeyd olunurdu. Peşəkar futbolçu yox idi. 60-cı ildə yaxşı çıxış etmədik. Növbəti ildə Gəncədən, Tovuzdan da istedadlı gənclər komandaya gətirildi. Həmin ildən Bakıda “Neftyanik”in uşaq futbol məktəbi açıldı. Respubluka stadionunun köməkçi meydançası bu məktəbə verildi. Erməni məşqçiylə birlikdə Siyavuş İbrahimovla Yevgeni Jarikov bütün istedadlı uşaqları bir yerə toplayır, onların hazırlığına nəzarət edirdi. Bu artıq yeni mərhələnin başlanğıcı idi. Bundan sonra Azərbaycan futbolu sürətlə inkişaf etməyə, yeni-yeni istedadlar üzə çıxmağa başladı. Banişevski də, 13-14 yaşlarında orda oynamağa başladı. Razindən isə Semiqlazov, Bruxti kimi gənclər tapıldı. “Neftyanik” tədricən nəticələrini yaxşılaşdırmağa başladı. Ələkbər Məmmədovun zəhməti xüsusiylə qeyd olunmalıdı. O həm oynayırdı, həm də gənclərə məsləhətlərini verirdi. 1962-ci ildə 80 min azarkeşin gözləri qarşısında Moskvada “Spartak”ını 2:1 hesabıyla məğlub etdik. Hamı təəccüblənirdi. Uğurun təməli elə qoyuldu.

Hiss olunurdu ki, bu komanda gec-tez SSRİ çempionatında öz sözünü deyəcək. 1964-cü ildə Sokolov baş məşqçi postuna gətirildi. “Bürünc mövsüm”də də “Neftyanik” onun rəhbərliyi altında hazırlaşmışdı. Sadəcə, sonradan nəticələr gözlənilən kimi olmadı, Sokolovu Əhməd Ələsgərov əvəzlədi. Ələsgərov özü də 1963-cü ilə qədər “Neftyanik”də oynayırdı. Karyerasını bitirən kimi məşqçiliyə başladı. 1966-cı ildə həm də dünya çempionatı keçirilirdi. Banişevski tez-tez SSRİ yığmasının heyətinə çağrılır, uzaq səfərlərə gedirdi. Kim bilir, bəlkə də bu məqam olmasaydı, “Neftyanik” SSRİ çempionu adını belə qazanardı. Elə bu səbəbdən də ona mövsümün sonunda güzəşt etdilər, medal verdilər. Onunla yanaşı Markarov da yığmanın heyətinə çağrılırdı. Belədə əsas yük Kazbek Tuayevin çiyinlərinə düşmüşdü. Elə bunun nəticəsi idi ki, Tuayev komandanın ən sərrast futbolçusu oldu. Bürünc medallar heç bir halda təsadüfi deyildi. Bu mükafat “Neftyanik”in keçirdiyi əla mövsümün məntiqi nəticəsi idi”.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.