Şahmat məktəbində bir gün
Şahmat Azərbaycanda zəngin ənənəsi olan idman növlərindəndir. Xüsusilə, ötən əsrin 60-cı illərindən sonra bu idman növü ölkəmizdə kütləviləşməyə başlayıb. Əksər valideynlər övladlarını şahmat məktəblərinə göndədirirdilər. Bu idman növü, həm uşaqların asudə vaxtlarını səmərəli keçirməsi, həm də intellektual baxımdan formalaşmasında müstəsna əhəmiyyətə malik idi.
Müstəqillik dövründə də ənənə pozulmadı. Azərbaycanda yenə də kifayət qədər şahmat məktəbi fəaliyyətdədir. Məhz bu təhsil ocaqlarında yetişən idmançılar ölkəmizi beynəlxalq arenalarda təmsil edirlər.
Belə idman ocaqlarından biri də Azərbaycan Həmkarlar İttifaqlarının Respublika Şahmat və Dama klubu İctimai Birliyidir. 1985-ci ildən fəaliyyət göstərən məktəbin məzunları Azərbaycanı bir sıra mötəbər beynəlxalq yarışlarda uğurla təmsil ediblər. Hazırda da məktəbdə yeni şahmat ustaları yetişməkdədir.
İctimai Birliyin nəzdində fəaliyyət göstərən iki məktəbdə onlarla uşaq şahmatın sirlərinə yiyələnir. Tələbələrlə 20-dək müəllim məşğul olur. Aralarında əməkdar məşqçilər və beynəlxalq ustalar da var.
Bizə əməkdar məşqçi Xanlar Allahverdiyevin məşğələsində iştirak etmək nəsib oldu. Müxtəlif yaş qruplarından uşaqlar şahmat məsələlərini həll edir, birlikdə yeni taktiki gedişlər öyrənirdilər. Müəllimin tapşırıqlarını həvəslə yerinə yetirən şagirdlərdən bəziləri gələcəkdə peşəkar şahmatçı olmaq istəsə də, digərləri, sadəcə, hobbi kimi, intellektual bacarığını inkişaf etdirmək üçün şahmatla məşğul olur.
Nigar Alışanova anasının məsləhəti ilə şahmata gəlib: "Anam deyir ki, şahmatla məşğul olmaq, insanın intellektual keyfiyyətlərini artırır, dərsləri qavramasını asanlaşdırır. Xüsusilə, riyaziyyat tapşırıqlarını yerinə yetirərkən şahmatda əldə etdiyim intellektual keyfiyyətlər daha tez və düzgün qərar qəbul etməyimə kömək olur".
Nigar Alışanova
Aydın Taşçı Türkiyədə yaşayır. Hər il yay aylarında Bakıya gəlir və Azərbaycan Həmkarlar İttifaqlarının Respublika Şahmat və Dama klubu İctimai Birliyindəki dərslərə qatılır. Onun üçün də bu idman növü hobbidir: "Gələcəkdə həkim olmaq niyyətindəyəm. Boş vaxtlarımda isə şahmatla məşğul oluram. Bu, insanın fərdi inkişafı üçün əvəzsizdir".
Aydın Taşçı
Elçin Əhmədzadə isə özünü gələcəyin qrossmeysteri kimi görür: "Məqsədim, güclü şahmatçı olmaqdır. Bunun üçün əlimdən gələni edirəm. Bu idman növü ilə ciddi məşğul oluram. İnanıram ki, gələcəkdə ölkəmizi beynəlxalq yarışlarda layinqincə təmsil edəcəyəm".
Elçin Əhmədzadə
Sentyabr ayında Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasına qatılacaq qadın şahmatçılardan ibarət III komandamızın heyətində Gövhər Beydullayeva da çıxış edəcək. Gövhər də şahmatın sirlərini bu məktəbdə öyrənib. Xanlar müəllimin tələbəsi olan şahmatçımız zəhmətin bəhrəsini də dadıb: Avropa çempionatının ikiqat gümüş mükafatçısı olan G.Beydullayeva, digər beynəlxalq yarışlarda da ölkəmizi layiqincə təmsil edib. Xanlar müəllim Şahmat Olimpiadasında da tələbəsindən uğurlu çıxış gözləyir.
Soldan-sağa: Nazim Nurullayev (İctimai Birliyin sədri); Sara Həmidova (10 yaşadək qızlar arasında Azərbaycan çempionatının gümüş mükafatçısı); Read Səmədov (8 yaşadək oğlanlar arasında Avropa çempionatının gümüş mükafatçısı); Gövhər Beydullayeva (12 yaşadək qızlar arasında Avropa çempionatının gümüş mükafatçısı); Xanlar Allahverdiyev (Əməkdar məşqçi)
Məktəbin daha bir yetirməsi - Read Səmədovun da şəklini xatirə lövhəsində görmək olar. 8 yaşlı şahmatçılar arasında Avropa çempionatının gümüş mükafatçısı olan Readın gələcəkdə daha böyük uğurlara imza atacağına inanırıq.
Azərbaycan Həmkarlar İttifaqlarının Respublika Şahmat və Dama klubu İctimai Birliyinə uşaqlar 5 yaşından etibarən qəbul edilir. Onlar 16 yaşadək burada təhsil ala bilərlər. Şagirdlər il ərzində keçirilən daxili dərəcə yarışlarında qüvvələrini sınamaq imkanı qazanırlar. İldə dörd dəfə təşkil olunan açıq birinciliklərdə digər məktəblərin şahmatçıları da iştirak edirlər. Qaliblər diplom və medallarla mükafatlandırılırlar. Həmçinin, ilin sonunda mötəbər yarışlarda yer tutan tələbələrə İctimai Birlik tərəfindən qiymətli hədiyyələr təqdim olunur.
Nazim Nurullayev (İctimai Birliyin sədri)
Ölkəmizdə şahmatın inkişafına göstərilən yüksək dövlət qayğısından söz açan İctimai Birliyin sədri Nazim Nurullayev 2009-2014-cü illəri əhatə edən Dövlət Proqramının bu idman növünün inkişafına böyük töhfə olduğunu deyib: “Dövlət Proqramından bütün şahmat məktəbləri bəhrələndi. Ümumiyyətlə, son illərdə bu idman növünün inkişafı üçün böyük işlər görülür. Təsadüfi deyil ki, bir-birinin ardınca ölkəmiz mötəbər yarışlara ev sahibliyi edir.
Biz də bu idman növünün inkişaf etməsi, yeni idmançıların yetişməsi üçün əlimizdən gələni edirik. Bu işdə bizə kömək olduğu üçün Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevə, eləcə də, Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyevə təşəkkürümüzü bildiririk”.
Vüsal Məmmədzadə
Qambit | SportLine.az
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir