"Biz heç kimi göndərmək istəmirik" - Qurban Qurbanov

"Çətin oldu. Kubok matçı fərqlənir. Futbolçuların motivasiyası tam başqa olur". SportLine.az Matç.az saytına istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Azərbaycan kubokunun 1/4 final mərhələsində "Keşlə" ilə qarşılaşan "Qarabağ" səfərdə qollu bərabərə qalıb - 1:1. İlk oyundakı qələbə (1:0) Ağdam klubunu yarımfinala daşıyıb.

Görüşdən sonra təşkil edilən mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: "Bir rəqibi keçib, yarımfinala düşmək komandanı əlavə stimullaşdırır. Futbolçulara təşəkkür edirəm ki, çətin oyunların öhdəsindən gəldilər. İlk hissədə çoxlu top itkilərimiz oldu. Fasilədən sonra futbolçular meydanda daha düzgün yerləşdi. Hiss olunur ki, Tərlan Əhmədov yaxşı sistem qurub. Bir neçə oyun 5-li müdafiədə oynasalar da, sonradan 4 müdafiəçi ilə çıxış etməyə başladılar. “Keşlə”yə də uğur arzulayıram. İstirahət etməyə vaxtımız azdı. Futbolçular fürsətdən istifadə etməlidi. Yanvarın 6-da yığışıb, hazırlığa başlayacağıq".

- Komandadan gedənlər olacaqmı?

- Açığı, hələ ki, bu barədə məlumat verə bilməyəcəm. Hər bir futbolçunun müqaviləsi var. Bəzi oyunçular daha çox oynamaq istəyirlər. Qışdan sonra oyun sayı da azalacaq. Ola bilər ki, hansısa özü yaxınlaşıb getmək istədiyini desin. Bütün danışıqlar Antalyada başlayacaq.

- Almeydanın qayıdışı məsələsi gündəmdədi?

- Hər hansı danışıq olmayıb.

- Onu yenidən komandanızda görmək istəyərdiz?

- Riçarda demişdik ki, qapılar həmişə üzünə açıqdı. Onu azərbaycanlı hesab edirik, vətəndaşlığı da var.

- Oyunun sonlarında İnqilab Məmmədovla nəsə müzakirə edirdiz...

- Etiraz bildirmədim. İnqilab hörmət etdiyim hakimlərdəndi. Az vaxtda inkişaf elədi. Bir az etiraz fikirlərim oldu. Həddən artıq sarı vərəqə göstərdi. Bəlkə də, mövsümdə rekord oldu ki, bir komanda bu qədər vərəqə gördü. “Sabah”la matçda da çox olmuşdu. Onda da İnqilab idi hakim. Qərarlar gözlənilməz oldu. Gülə-gülə fikirlərimi bildirdim. Jezniçakın epizodlarının heç birində “sarı” görmədim. Diqqətli olmaq lazımdı ki, səhvə görə hansısa komanda əzəiyyət çəkməsin. Bu “Qarabağ”a da, “Keşlə”yə də, digərlərinə də aiddi.

- 2018-ci il sizin üçün dolu keçdi. Millidə işlədiz, "Qarabağ" çempion oldu və s. Bu ili 10 ballıq şkala ilə özünüz üçün neçə balla qiymətləndirə bilərsiz?

- Siz neçə bal versəz, o qədər (gülür). Nəsə demək düzgün olmaz. Çox çətindi. Komandada dəyişikliklər çox oldu. Belədə istədiyini düzəltmək çətin olur. Xüsusən də, qrafik ağır olanda. Etirazlar olur ki, bəzi futbolçuları buraxmamaq lazım idi. Biz heç kimi göndərmək istəmirik. Onların hər birinə də yeni, yaxşı müqavilə təklifləri etmişdik. Amma Çempionlar Liqasında oynayan oyunçulara ciddi təkliflər olur. Biz də büdcəmizə uyğun davranmalıyıq. Hər halda, təkliflər əvvəlkilərdən yüksək olurdu. Bu baxımdan çətin oldu. Amma biz komanda olaraq ayaq üstə dayana bilirik. Uğursuzluq olduğu ona görə deyilir ki, keçən il Çempionlar Liqasında çıxış etmişdik, bu il Avropa Liqasında oynadıq. Amma ardıcıl 5-ci il qrupda çıxış etdik. Bunu uğur saya bilərəm.