"Borussiya" bu dəfə "Köln"ü məğlub etdi

Almaniya çempionatında 2-ci tur başlanıb.

Sportline.az xəbər verir ki, Dortmund “Borussiya”sı səfərdə “Köln” komandasını məğlub edib.

Oyuna meydan sahibləri daha yaxşı başlayıblar. İlk hissədə hesab açılıb. “Köln” komandasının 29 yaşlı hücumçusu Dominik Dreksler rəqib qapısına yol tapıb. Fasiləyədək başqa qol olmayıb.

2-ci yarıda qonaqlar tam üstünlüyə yiyələniblər. 70-ci dəqiqədə Ceydon Sanço hesabı bərabərləşdirib: 1-1.

Matçın sonlarında daha 2 qol vurulub. 86-cı dəqiqədə “Borussiya”nın mərakeşli müdafiəçisi Əşrəf Hakimi komandasını önə çıxarıb. Əsas hissəyə əlavə olunan 3-cü dəqiqədə Pako Alkaser sonuncu qolun müəllifi olub. “Köln” – “Borussiya”: 1-3.

Beləliklə, 2-ci turda da qalib gələn “Borussiya” xallarının sayını 6-ya çatdırıb.