"2-ci qolu vurmaq istəyirdik" - Aleksey Baqa
“Hesabı açdıq. Bundan sonra “Qarabağ” önə atılmağa başladı və bu da bizim işimizə yaradı”.
SportLine.az “Report”a istinadən xəbər verir ki, bunu Belarusun BATE komandasının baş məşqçisi Aleksey Baqa UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Qarabağ” üzərində 1:0 hesablı qələbədən sonra deyib.
37 yaşlı mütəxəssis Tofiq Bəhramov adına Respublika stadionunda təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.
- Yekun nəticə komandaların gücünü göstərir?
- Demək çətindir. Hesabı açdıqdan sonra rəqib meydan sahibi kimi təzyiqi artırdı. Biz isə 2-ci qolu vurmaq istəyirdik. Oyunda hesabı açmağımız həlledici oldu.
- Karyeranız ərzində səfərdə qalib gəlib, mərhələ keçmədiyiniz olub?
- Allaha şükür, xatırlamıram. Ümid edirəm bundan sonra olmayacaq. Qarşıda hələ bir həftə var. Bizim üçün çətin olacaq. Komanda fiziki cəhətdən gərgin həftə keçdi.
- Bu gün analiz nəticəsində təxmin etdiyiniz “Qarabağ”ı gördünüz?
- Komandanın ötən mövsüm Çempionlar Liqasının təsnifat və qrup mərhələsindəki oyunlarını, eləcə də yoxlama matçlarını izləmişdik. “Qarabağ” yüksək texnikaya malik oyunçulardan qurulmuş bir komandadır. Bu gün təxmin etdiyimiz komandanı gördük.
- Oyunu PSV nümayəndələri də izləyirdi...
- PSV nümayəndələrinin bu oyunda olması heç bir önəm daşımır. Çünki hələ Belarusda cavab matçı var. Onların bura gəlməsi “Qarabağ” və PSV-yə nə dərəcədə önəm verdiklərini göstərir.