"2 xal itirdik" - Qurban Qurbanov
“Qələbə qazanmaq istəyirdik. Əfsuslar olsun ki, buna nail olmadıq". SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının 2-ci turu çərçivəsində Malta seçməsinə qarşı keçirilən görüşdən sonra deyib.
Komandanın qrupdakı perspektivindən danışan mütəxəssis şansların qaldığını dilə gətirib:
"Bir xal qazansaq da, əslində 2 xal itirdik. Bir neçə futbolçunun hazırlıq durumundan narahat idim. Görüləsi işlər çoxdur. Nəticədən narazılıq varsa, bunu üzərimə götürməliyəm. Qrupumuzda yer alan digər komandaların da növbəti oyunlarda itkiləri olacaq. Qalan 4 oyunda qələbə qazanacağımız təqdirdə, uğura nail ola bilərik. Hər bir çətinliyi istədiyim kimi aradan qaldırmaq asan deyil. Futbolçularıma güvənib, bir olub hazırlaşmalıyıq”.