28 illik həsrət bitəcəkmi?
"Liverpul"un cari mövsümdə uğurlu çıxışı Britaniya mətbuatının diqqət mərkəzindədir. SportLine.az xəbər verir ki, mediada "28 illik həsrət bitəcəkmi?" başlıqlı yazılar bir-birini əvəz edir.
Sonuncu dəfə 1989-1990-cı il mövsümündə Premyer Liqada qalib olan "mersisaydlılar", 28 ildən sonra azarkeşlərini sevindirməyə çox yaxındırlar. Qələbələri sıralayan Yürgen Kloppun komandası "Mançester Siti"nin xal itkilərindən məharətlə yararlanıb və zirvədə qərarlaşıb. "Liverpul"un ən yaxın izləyicisi isə "şəhərlilər"in xal itkisindən faydalanan digər komanda - "Tottenhem"dir.
1. Liverpul - 51
2. Tottenhem - 45
3. Mançester Siti - 44
Çempionatın ilk dövrəsində 51 xal toplayan "Liverpul" tarixinin ən yaxşı startına imza atıb. Komanda, həmçinin, cari mövsümdə məğlubiyyət acısı dadmayan yeganə kollektivdir.
Bunadək Premyer Liqada ilk dövrəni məğlubiyyətsiz tamamlayan komandalar çempion ola bilmişdilər:
"Arsenal" (2003-2004)
"Mançester Yunayted" (2010-2011)
"Mançester Siti" (2017-2018)
"Liverpul" bu statistikanı təkrarlayan 4-cü komandadır. Uğurlu çıxışın davamını gətirəcəyi təqdirdə, Mersisayd təmsilçisi 28 illik həsrətə də son qoya bilər.
Qeyd edək ki, "Liverpul" sabah təşkil olunacaq 20-ci tur çərçivəsində "Arsenal"ı qəbul edəcək.