AFFA-dan Eddi İsrafilovla bağlı açıqlama

"Ehtimallar üzərindən danışa bilmirəm. Fakt nədirsə, onu deyirəm. Klub deyir ki, məktub gec çatıb. Biz tərəfdən məktub vaxtında göndərilib. Gec çatması ilə bağlı hər hansı qüsur olub, bunu bilmirik. Çempionat oyununa görə belə etdiklərini deyə bilmərəm"

“Albasete” klubundan Azərbaycan millisinə dəvət olunmuş Eddi İsrafilov AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində noyabrın 16-da “Bakcell Arena”da keçiriləcək Uelslə oyunda iştirak edə bilməyəcək. Sportline.az xəbər verir ki, AFFA-nın açıqladığı məlumatda bildirilib ki, ispan klubuna göndərilmiş məktubla bağlı texniki problem yarandığı üçün Sequnda təmsilçisi futbolçunu millimizin düşərgəsinə buraxmayıb.

Məsələnin mahiyyətini aydınlaşdırmaq üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq. Federasiya rəsmisi qarşı tərəfi günahlandırdı:

"Albasete" tərəfi iddia edir ki, məktub onlara gec çatıb. Bilirsiz necədi, klub bir az cığallıq edir. Lap tutaq ki, məktub 1 sutka, yaxud da 2 saat gec çatıb. Eddi oyundan bir gün əvvəl milliyə çağırılmayıb ki? Matça hələ 4 gün var. Məktub isə bu ayın əvvəlindən göndərilib. Artıq məsələylə bağlı FİFA-nı məlumatlandırmışıq. Bu, kargüzarlıq cığallığı kimi bir şeydi".

Firuz Abdulla "Bəlkə cığallığı "Albasete" yox, Eddi özü edir" sualına isə bu cür cavab verdi: "Futbolçu tərəfindən bizə hansısa imtina gəlməyib. Özü gəlmək istəməsəydi, qərarını bildirərdi. Belə bir şeylə qarşılaşmamışıq. Ötən toplanışda zədəli olduğu üçün gələ bilməmişdi. Açıqlama vermişdi ki, ürəyim ordadı, gəlib oynamaq istəyirəm".

"Albasete"nin noyabrın 17-də İspaniya Sequndasının 16-cı turu çərçivəsində əsas rəqiblərindən biri - "Saraqosa" ilə vacib oyunu var. Klubun Eddini millimizə buraxmamasının səbəblərindən biri də məhz sözügedən amil ola bilər. Bəs, AFFA rəsmisi bu ehtimalı necə dəyərləndirir?:

"Ehtimallar üzərindən danışa bilmirəm. Fakt nədirsə, onu deyirəm. Klub deyir ki, məktub gec çatıb. Biz tərəfdən məktub vaxtında göndərilib. Gec çatması ilə bağlı hər hansı qüsur olub, bunu bilmirik. Çempionat oyununa görə belə etdiklərini deyə bilmərəm".

Firuz bəyin sözlərinə görə, yaranmış vəziyyət haqda "Albasete" klubuna irad bildirilib: "Klubla danışıq aparılıb. Biz öz mövqeyimizi bildirmişik. Deyildi ki, kargüzarlıq məsələsinə görə futbolçunun milli komandaya buraxılmaması düzgün deyil". sportinfo.az