AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası olub

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası İcraiyyə Komitəsinin növbəti iclası “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Bazasında keçirilib.

Sportline.az xəbər verir ki, AFFA prezidenti Rövnəq Abdullayev, qurumun baş katibi Elxan Məmmədov, Xarici İşlər naziri Elmar Məmmədyarov və icraiyyə komitəsinin digər üzvləri iştirak ediblər.

İclasın gündəliyində əsas məsələ Premyer Liqa və Birinci Divizionla bağlı Lisenziyalaşdırma Komissiyasının hesabatı olub. İclasda həmçinin digər məsələlər də müzakirə edilib. 

Daha sonra İcraiyyə Komitəsinin üzvləri milli komandaların təlim-məşq bazasında Azərbaycan seçməsinin 2020-ci il Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə məşqini izləyiblər. Futbolçularla söhbət zamanı onlara qarşıdakı oyunlarda uğurlar diləyən AFFA prezidenti Rövnəq Abdullayev "Niyə də yox?!" devizini xatırladaraq, Avropa çempionatının seçmə mərhələsini uğurla bitirməyi arzu edib.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 8-də Macarıstan, iyunun 11-də Slovakiya seçməsi ilə qarşılaşacaq. Hər iki görüş "Bakcell Arena"da keçiriləcək.